XRİTDX-də 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
XRİTDX-dən “Poliqon”a verilən məlumata görə, iclası giriş sözü ilə açan Xidmət rəisi general-leytenant İlqar Musayev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” olması ilə əlaqədar il ərzində Xidmət tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlərin yüksək səviyyədə həyata keçirildiyi haqqında məlumat verib.
Çıxış zamanı Xidmət rəisi 2023-ci ildə dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərdən, Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən və çoxsahəli siyasəti nəticəsində son illərdə ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi haqqında məlumat verib. İ.Musayev cari ilin 7 fevral tarixində keçiriləcək Azərbaycan Prezidentinin növbədənkənar seçkilərinin operativ idarə olunmasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rolu, struktur bölmələrinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, şəxsi heyətin seçkilərə hazırlıq vəziyyəti və digər aidiyyəti məsələlər barədə ətraflı danışıb.
Müşavirədə Azərbaycan Prezidentinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət və qayğısı qeyd olunub və bunların nəticəsi olaraq hesabat ili ərzində aidiyyəti sahə üzrə bir sıra önəmli sərəncam və fərmanların verildiyi, müvafiq qərarların qəbul edildiyi bildirilib.
Müşavirədə Xidmətin struktur bölmə rəhbərləri fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat məruzələri ilə çıxış ediblər. Məruzələrdə hesabat dövründə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, dövlət qurumlarının informasiya resurslarının informasiya təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı Xidmət tərəfindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının “Azstatenet” şəbəkəsinə qoşulması və dayanıqlı rabitə vasitələri ilə təmin edilməsi barədə məruzələr edilib.
Sonda mövcud nöqsanlar və onların həlli yolları, cari il ərzində həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı müzakirələr aparılıb.