Prezident: XTQ ən vacib əməliyyatların həyata keçirilməsində həlledici rol oynadı

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri (XTQ) işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadılar.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
“Bizim XTQ-lər fədakarcasına döyüşürdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər”, – deyə dövlət başçısı deyib.
O, xüsusi təyinatlı qüvvələrə, onların təchizatına və komplekstləşdirilməsinə, hərbi hazırlığına hər zaman xüsusi diqqət ayırdığını qeyd edib: “Mən XTQ-yə həmişə ayrıca diqqət yetirmiş, dəfələrlə onların şəxsi heyəti ilə görüşmüşdüm və əmin idim ki, ən mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarında olan döyüş qabiliyyətli hissələr yaratmışıq”.
“Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq. Ermənistan tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm”, – deyə Prezident İlham Əliyev müsahibəsində vurğulayıb.
Müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmələrin yaradılması ilə də bağlı Prezident təəssuratlarını bölüşüb: “Sərhəd qoşunlarının XTQ-si hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının XTQ-ni də qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu, onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Demək istəyirəm, mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə, ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər”.
“Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun XTQ-ni də cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında XTQ-nin digər nümayəndələri ilə bərabər iştirak edirdilər. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 XTQ vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin XTQ-si yerinə yetirirdi. Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Əvvəlki illərdə biz bəzən Müdafiə Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların XTQ-nin birgə hərbi təlimlərini keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim zamanı etmək, bir də var müharibə dövründə. Beləliklə, onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik”, – deyə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib.




