Yaman Tunaoğlu: KAREL yeni texnoloji həllərinin Azərbaycana ixracını artırmaq istəyir

Yaman Tunaoğlu: KAREL yeni texnoloji həllərinin Azərbaycana ixracını artırmaq istəyir

 Türkiyənin İntrkom İKT sektorunun aparıcı şirkətlərindən olan KAREL özünün səhra telefon stansiyalarını, alarm-anons sistemlərini və nəqliyyat vasitələri üçün interkom sistemlərini Azərbaycanın silahlı qüvvələrinə və güc strukturlarına təqdim edir. KAREL-in Azərbaycanda müxtəlif layihələri var. Şirkətin direktoru Yaman Tunaoğlu ilə müsahibəmizdə KAREL-in təqdim etdiyi məhsullar və müdafiə sənayesindəki layihələri barədə ətraflı məlumat almağa çalışdıq.

POLİQON: Yaman bəy, əvvəlcə KAREL-in fəaliyyət istiqamətləri və potensial imkanları ilə bağlı oxucularımıza qısa məlumat verməyinizi istərdik?

karel5Yaman Tunaoğlu: Rabitə və elektronika şirkəti olan KAREL 1986-cı ildə Türkiyədə qurulub və ilk başlarda telefon cihazları və stansiyalarını istehsal edirdik. Daha sonra 1993-cü ildə Ankarada elektronika istehsal etmək üçün müəssisə qurduq. İstehsal bacırığımız sayəsində ASELSAN ilə birlikdə işlədik. ASELSAN üçün elektronik müharibə sistemləri istehsal etməyə başladıq. Daha sonra özümüzün telefon məhsulları ilə bağlı əldə etdiyimiz təcrübədən istifadə edərək müdafiə sənayesinə daxil olduq. Müdafiə sənayesində də üstünlüyü rabitə sistemləri ilə əlaqədar məhsulların istehsalına verdik.

Bu gün KAREL 4 minə yaxın işçisi, avtomobil, əşyaların interneti, rabitə elektronikası, müdafiə kimi müxtəlif sahələrdə həm istehsal, həm də “Ar-Ge” fəaliyyətləri ilə məşğul olan şirkət halına çevrilib. Təxminən iki ay əvvəl Türkiyənin böyük holdinqlərindən biri olan DOĞAN holdinqlə ortaq olduq. Bu birləşmə ilə xüsusilə ölkə xaricindəki məhsul satışımızı əhəmiyyətli dərəcədə artırmağı hədəfləyirik.

karel dogan imza toreni

 

POLİQON: Yaman bəy, müdafiə sənayesi sektorundakı layihələriniz haqqında daha geniş danışa bilərikmi?

Yaman Tunaoğlu: Öncə rabitə vasitələri tərəfindən başlayım. Hazırda bizim həm quru, həm dəniz platformaları üçün rabitə sistemlərimiz və həllərimiz var. Quru platformaları, xüsusilə zirehli maşınlar üçün daxili rabitə sistemləri hazırlayırıq. Məsələn, “Altay” tankında da bizim ASELSAN ilə birlikdə hazırladığımız daxili rabitə sistemi istifadə olunur. Bundan başqa dəniz platformaları üçün də oxşar sistemlərimiz var. Dəniz platformalarında böyük məhsul çeşidliyimiz mövcuddur. Burada kiçik katerlər üçün daxili rabitə və alarm-anons sistemləri, böyük gəmilər üçün yenə eyni şəkildə alarm-anons, telefon stansiyaları, daxili rabitə və keçidləmə (anahtarlama) sistemlərimiz var. Məsələn, MİLGEM-in bütün alarm-anons və daxili rabitə (interkom) sistemlərini biz təmin edirik. Təxminən 800 ədəd səs gücləndirici var ki, bu isə çox böyük bir rəqəmdir. Bildiyiniz kimi, Milli Sualtı Gəmi Layihəsi çərçivəsində Türkiyədə 6 ədəd sualtı gəmi inşa ediləcək. Onların da daxili rabitə və əyləncə sistemlərini biz hazırlayacağıq. Çünki bunlar 15 gün suyun altında qalacaq və əsgərlərin vaxtlarını səmərəli keçirmələri üçün əyləncə sistemini quracağıq.

Bir də avionika tərəfində icra etdiyimiz layihələr var. Bunlar isə daha yüksək texnologiya layihələrdir. Belə ki, HÜRKUŞ, ATAK, HÜRJET helikopter və təyyarələri üçün “Ehtiyat Uçuş Göstəricisi” adlanan sistemi hazırlayırıq. Yəni təyyarənin bütün elektron sistemlərində nasazlıq yaranarsa, pilot bu sistemə baxaraq platformanı endirə bilir. Bu sistemi gələn il ATAK helikopteri üçün istehsal etməyə başlayacağıq, digər platformalar üçün isə sistemi artıq istehsal edirik. Yenə avionika ilə bağlı məhsulumuz TUSAŞ istehsalı ANKA PUA-da istifadə olunur və bildiyim qədər “Baykar” şirkətinin “Bayraktar TB2” PUA-sında da istifadə ediləcək. Dizel ilə çalışan PD170 daxili yanma mühərrikinin “mühərrik nəzarət” hissəsi də KAREL tərəfindən hazırlandı. Hazırda TUSAŞ üçün bunların istehsalına davam edirik.

Bundan başqa, ASELSAN ilə birgə bir çox layihələri icra edirik. Məsələn, bu helikopterlərin, təyyarələrin raketlərə qarşı özlərini müdafiə edə biləmələri üçün qoruma (mühafizə) sistemləri vardır. Onların da iş prinsipi fişəng ataraq raketin partlamasını təmin etməkdir. Bunu ASELSAN üçün ən son nəsil NATO standartlarında biz hazırlayırıq. Eyni zamanda ASELSAN üçün yenə müxtəlif rabitə və digər sahələrdə olan layihləri icra edirik.

POLİQON: Telefon enerjiləri xaricində hansı perspektivli sahələri gözdən keçirirsiniz?

Yaman Tunaoğlu: Son dövrdə avtomobil sektoru ilə bağlı ciddi layihələrimiz oldu. Bildiyiniz kimi TOGG Türkiyə üçün çox vacib avtomobildir. Onun da 6 hissəsini biz verəcəyik və yaxın zamanda istehsalı başlayır.

POLİQON: Biraz da ixrac coğrafiyanızdan danışaq. Xüsusilə Azərbaycan və Mərkəzi Asiyadakı fəaliyyətləriniz ilə bağlı nələri deyə bilərsiniz?

karel3Yaman Tunaoğlu: Azərbaycan qardaş ölkədir və ASELSAN ilə birgə yerinə yetirdiyimiz layihələr var. Həm Qüllə Kontrol, həm də Radio Link ilə bağlı layilərimiz var və bunların da davamı gələcək. Burada radio hissəsini ASELSAN verir və keçidləmə (anahtarlama) bölməsini biz təmin edirik. Bundan başqa bizim səhra stansiyalarımız, daxili rabitə, gəmi sistemlərimiz var. Həmçinin Azərbaycanda bir çox həm quru, həm də dəniz vasitələrinin yenilənmə layihələri olur ki, onlar ilə də maraqlanırıq.

Uzaq Asiyada Banqladeşlə bağlı fəaliyyətlərimiz var. Onlarla stansiyaları və radio link həlləri üzərində işlərimiz mövcuddur. Pakistanda NRPC ilə yaxın əlaqəmiz mövcuddur. Bu səhra stansiyalarımızın orada istehsal edilməsi, habelə mülki stansiyaların da qərargahlarda istifadə olunması ilə bağlı müqavilə imzalamışıq. Yəni Pakistandakı bütün qüvvələrin qərargahlarında KAREL-in stansiyaları olacak. Bu tip layihələr yerinə yetiririk və bunların bir qismində texnologiya transferi də reallaşdırırıq.

POLİQON: Bu ildə layihələrinizin həyata keçirilməsi və nailiyyətləriniz ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istıərdik. 2022-ci ili KAREL üçün necə qiymətləndirirsiniz?

Yaman Tunaoğlu: Çip krizi ilə bağlı elektron sektor üçün 2021 və 2022-ci illər çox çətin keçdi. Elektron istehsal ilə bağlı fəaliyyətlərimizdə bəzi hədəflədiyimiz istehsalları edə bilmədik. Bunlar 2023-cü ilə qalacaq. Çünki elektron müharibə sistemləri həddindən artıq dərəcədə çox materialdan ibarətdir. Bunlardan birini tapa bilmədiyiniz vaxt istehsalat ləngiyir. Ümumilikdə isə deyə bilərəm ki, 2022-ci il KAREL-in böyüməyə davam etdiyi uğurlu il olacaq.

POLİQON: Yaman bəy, KAREL şirkətinin gələcək planları nələrdir?

karel2Yaman Tunaoğlu: Biz texnologiya şirkətiyik və buna uyğun olaraq texnoloji məhsullar istehsal edirik. KAREL olaraq qarşımızdakı hədəf, istehsal etdiyimiz məhsulları ölkə xaricindəki satışlarımızı artırmaqdır. Burada da, Azərbaycan kimi qardaş ölkələr ilə başlayıb, Mərkəzi Asiyadakı bizə yaxın olan dövlətlər, sonra Avropaya satış etməkdir. Onu da qeyd edim ki, son dövrdə Avropada da müdafiə sektoruna böyük investisiyalar qoyulur. Bunun əsas səbəbi Ukrayna və Rusiya arasında olan müharibədir. Bu regionlarda da öz məhsullarımızı, ölkə xarici satışlarımızı, ixracatımızı artırmağımız lazımdır. Güclü bir şirkət ola bilmək üçün bu birinci şərtdir.

Bu təkcə müdafiə sektorunda deyil, avtomobil, telefon sahəsində də böyük əhəmiyyət kəsb edir. Bəzi ölkələrdə ofislər açacağıq, vasitəçilərlə işləyəcəyik, ancaq öncəliyimiz ölkə xarici satışımızı artırmaqdır. Müdafiə sahəsində məhsul çeşidliyimizi hər ötən gün genişlədiririk və bu belə də davam edəcək.

POLİQON: Dəyərli vaxtınızı ayırdığınız üçün sizə təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?

Yaman Tunaoğlu: Mən təşəkkür edirəm. Azərbaycanla bağlı onu deyə bilərəm ki, biz nəticədə iki qardaş ölkəyik, çox yaxınıq, bir-birimizin dilini başa düşürük, eyni dildə danışırıq. KAREL olaraq müdafiə sənayesi tərəfində daha çox işlər görməliyik. Əlimzdə olan məlumat yığımını Azərbaycan ilə paylaşmağa həmişə açığıq. Bu məhsulları sadəcə satmaq deyil, həm də birlikdə hazırlamağı öyrənməyi və bu mənada Azərbaycan şirkətləri ilə birgə işləməyi çox istəyərik.

karel4

Müsahibənin tam versiyası POLİQON hərbi-texnoloji jurnalının sentyabr-oktyabr 2022-ci il tarixli 5 (61) saylı buraxılışında yayımlanıb

Zaur Babaşov

CATEGORIES
TAGS