
Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına SUNGUR, OMTAS, SOM-B1T və SOM-AT raketləri, eləcə də yeni hərbi texnika daxil edilib.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ötən həftə ərzində Quru Qoşunları Komandanlığı üçün SUNGUR raketi və tətik mexanizmi, eləcə də OMTAS ortamənzilli tank əleyhinə raketinin yoxlama və qəbul prosedurları tamamlanıb.
Hərbi Hava Qüvvələri Komandanlığı isə SOM-B1T və SOM-AT qanadlı raketlərini silahlanmaya qəbul edib.
Bundan əlavə, MKE şirkəti tərəfindən Quru Qoşunları Komandanlığına E-ZPT elektrik mühərrikli zirehli personal daşıyıcısı, müdafiə sənayesi tərəfdaşlarına isə 155 mm-lik uzaqmənzilli haubitsa mərmiləri təhvil verilib.





