Zakir Həsənov: “Həyata keçirilən islahatlar Azərbaycan Ordusunun qüdrətlənməsini səciyyələndirən əsas amillərin birincisidir”

Zakir Həsənov: “Həyata keçirilən islahatlar Azərbaycan Ordusunun qüdrətlənməsini səciyyələndirən əsas amillərin birincisidir”

Dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir

Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir

İkinci Qarabağ müharibəsindən qələbə ilə çıxan Azərbaycan Ordusu inkişaf etməyə davam edir, müasir silah və texnikalarla təmin olunur. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov POLİQON jurnalına müsahibəsində son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər, həyata keçirilən modernləşmə və silahlanma proqramları barədə məlumat verib.

̶  Cənab nazir, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, ordu quruculuğu sahəsində, habelə silahlanma və ordunun hərbi texnika parkının yenilənməsi istiqamətində görülən işlər barədə nələri deyə bilərsiniz?

–  İlk növbədə onu vurğulamalıyam ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca amildir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordumuzda genişmiqyaslı islahatlar aparılır, Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılır. Aparılan islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib.

Ordunun təşkilati-ştat strukturunun təkmilləşdirilməsi və yenidən təşkilatlandırılması, optimallaşdırılması tədbirləri də Ali Baş Komandan tərəfindən prioritet kimi elan olundu. Azərbaycan Ordusunun qoşun növləri və qismlərində operativ, dayanıqlı və keyfiyyətli idarəetmə sistemi yaradıldı. Döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətləndirildi. Aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradıldı. O cümlədən Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırıldı.

Əməliyyat və döyüş hazırlığı tədbirləri, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, kadrların hazırlanması, maddi-texniki təminat məsələləri və hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər planlı şəkildə davam etdirilir.

̶  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Bu barədə fikirlərinizi öyrənmək istərdik…

─ Ölkənin müdafiə qabiliyyətinin artırılmasının əsas istiqamətlərindən biri hərbi kadrların təhsili, onların dünyagörüşünün və bacarıqların inkişafı məsələsidir. Bu gün Azərbaycan Ordusunda güclü potensiala malik xüsusi təyinatlı tədris müəssisələrimiz mövcuddur və orada müasir standartlara uyğun şəkildə zabit kadrları hazırlanır. Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər. Hərbi təhsilin səviyyəsinin artırılması və ali təhsil müəssisələrində hazırlanan kadrlardan ölkənin müdafiəsində daha səmərəli istifadə olunması məqsədilə müxtəlif universitetlərlə qarşılıqlı əlaqə yaradılaraq əməkdaşlıq həyata keçirilir. Mütəmadi olaraq xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin planlaşdırılmasının, həmçinin tədrisin aparılmasının yoxlanılması təşkil olunur. Orduda aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə Müdafiə Nazirliyinin strukturunda Milli Müdafiə Universiteti, Hərbi Elmi-Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutu yaradılıb. Həmçinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bazasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılıb. Bununla yanaşı, “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”na dəyişiklik edilərək Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Cənab Prezidentin 2022-ci il 5 mart tarixli daha bir Fərmanı ilə Milli Müdafiə Universitetinin, Hərbi Elmi-Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun və Heydər Əliyev adına Hərbi İnstitutun Nizamnamələri də təsdiqlənib.

Milli Müdafiə Universiteti tabeliyində xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını, ümumi təhsilin tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsini təmin edən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək.

Müdafiə Nazirliyinin tabeçiliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin strukturunda əsaslı dəyişikliklərin edilməsi Azərbaycan Ordusunda elm və təhsilin səviyyəsinin Türkiyə Respublikasının və inkişaf etmiş digər ölkələrin hərbi elm və təhsil sisteminə uyğunlaşdırılmasına töhfə verəcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan ilə NATO əməkdaşlığı hərbi təhsil sahəsini də əhatə edir. Azərbaycan Ordusunun tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələrinə və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar. Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Azərbaycan Ordusunun tədris müəssisələrində “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilib. Onu da xüsusi olaraq vurğulayım ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, onun rəhbərliyi altında, onun tapşırıqlarına əsasən həyata keçirilən islahatlar, ordu quruculuğu istiqamətində görülən işlər uğurlarımızı, hərbi qulluqçuların xidməti-məişət şəraitinin daima yaxşılaşdırılmasını, Azərbaycan Ordusunun qüdrətlənməsini və nəticədə şanlı zəfərimizin qazanılmasını səciyyələndirən əsas amillərin birincisidir.

̶  Azərbaycan Ordusunun modernləşməsi, döyüş hazırlığının yüksəldilməsi, eləcə də şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətdə hansı işlər aparılır?

̶   Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması üzrə bir sıra əhəmiyyətli tədbirlər görülərək bu sahədə işlər davam etdirilir, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqət artırılır. İstənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir. Xüsusi qeyd etmək istərdim ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Azərbaycan Ordusunun şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.

Ordumuzun imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır. Dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir. Ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir.

̶  Azərbaycanda Türkiyə Ordusunun modelinin yaradılması üzərində mühüm işlərin görüldüyünü müşahidə edirik. Bu istiqamətdə görülən işləri və əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

̶  Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Buna ilk növbədə iki ölkənin dövlət başçılarının səmimi münasibətləri təkan verir. Strateji müttəfiqliyimiz dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə olan əməkdaşlığımız uğurla inkişaf edir. Bu il Bakıda yüksək səviyyədə keçirilən və böyük marağa səbəb olan “TEKNOFEST Azərbaycan” festivalı xüsusi əhəmiyyət kəsb etməsi ilə yanaşı, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi oldu.

Məlum olduğu kimi, 44 gün davam edən və Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təchiz edilməsi barədə müvafiq göstərişlər verdi. Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan Əməliyyat (Komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib. Hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər əldə edən hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. Nəticə olaraq Azərbaycan Ordusunda Komando Təlim Mərkəzi yaradılıb. Hazırda sözügedən təlim mərkəzində bu birləşmələr üçün şəxsi heyətin hazırlanması davam etdirilir. Türkiyə Silahlı Qüvvələrinin mühəndis-istehkam ixtisaslı mütəxəssisləri azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlardan təmizlənməsi prosesində bizə bilavasitə kömək edirlər.

Müxtəlif səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərin inkişaf edilməsinə töhfə verməkdədir. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb olunması mütəxəssis hazırlığını yeni səviyyəyə yüksəldib.

̶  Cənab nazir, Vətən müharibəsindən söz düşmüşkən, 44 gün davam edən döyüşlərin son nöqtəsi olan, igid əsgərlərimizin xüsusi şücaət göstərdiyi Şuşa əməliyyatından bir qədər danışardınız…

̶  Şuşanın azad edilməsi əməliyyatının hazırlanması, ilkin icrası və gedişi prosesində komandanlığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev şəxsən özü həyata keçirirdi. Günün hər saatı, hər dəqiqəsi əməliyyat barədə hərbi komandanlıqdan məlumat alır, konkret əmrlərini verirdi. Əməliyyat hazırlanarkən cənab Prezidentin verdiyi tapşırıqlardan biri də o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır. Yəni bu döyüşlərdə ağır artilleriyadan tam gücü ilə istifadə edə bilməyəcəkdik. Artilleriyadan əsasən Şuşa ətrafında olan Ermənistan qoşunlarının mövqeləri və atəş nöqtələri hədəf götürüldü və darmadağın edildi. Onlar həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çox böyük itki verdi. Biz isə doğma şəhərimizi, tarixi abidələrimizi artilleriya silahları ilə vurmadıq, hava zərbələri endirmədik.

Hava buludlu keçdiyindən pilotsuz uçuş aparatlarının imkanlarından da yararlana bilmədik və kəşfiyyatın aparılmasında müəyyən çətinlik yarandı. Lakin peşəkar, mübariz, əzmkar qoşunlarımız üçün bunlar maneə olmadı. Ordumuz Azərbaycan Prezidentinin, Azərbaycan xalqının onun qarşısında müəyyənləşdirdiyi bu tarixi vəzifəni ləyaqətlə icra etdi. Noyabr ayının 8-də Ali Baş Komandanın Şəhidlər xiyabanından verdiyi “Əziz Şuşa, sən azadsan!” müjdəsi Azərbaycan xalqının taleyində növbəti tarixi dönüş mərhələsi oldu. Bununla təkcə 28 illik işğala son qoyulmadı, eyni zamanda Azərbaycan bayrağının Şuşanın timsalında bütün Qarabağda dalğalandırılması təmin olundu.

İsa İsmayılov, Nadiyə Qafarova

Poliqon jurnalı №3 (59) May-İyun 2022 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş