Zakir Həsənov IDEF-2023 sərgisinin iştirakçılarına mesaj ünvanlayıb

Zakir Həsənov IDEF-2023 sərgisinin iştirakçılarına mesaj ünvanlayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 25-28 iyul tarixlərində Türkiyədə keçiriləcək 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına mesaj ünvanlayıb.

“Poliqon” xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun eksklüziv olaraq POLİQON jurnalına açıqladığı mesajda deyilir:

“16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı münasibətilə bütün iştirakçıları salamlayır və təşkilatçılara uğurlar arzu edirəm!

Əminəm ki, qardaş Türkiyədə keçirilən 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, biliklərin, təcrübələrin mübadiləsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal məkan olması ilə yanaşı, mövcud hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək və geniş perspektivlər əldə etmək imkanı qazandıracaq, yeni təşəbbüslərin yaranmasına töhfə verəcəkdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan Ordusunun dünyanın qabaqcıl orduları ilə təcrübə mübadiləsi, hərbçilərimizin beynəlxalq təlimlərdə iştirakı, hərbi əməkdaşlıq, ən müasir silah, texnika və avadanlıqların arsenalımıza daxil edilməsi, Ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi inamla davam edir. Danılmaz bir faktdır ki, son illərdə əldə etdiyimiz ən mühüm qələbə və uğurların əsas səbəbi, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksələn templə davam etdirilməsidir. Ölkəmizdə ordu quruculuğu prioritet məsələdir. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, Şanlı Qələbəmizin təmin edilməsi, uğurlu ordu quruculuğu prosesinin ən bariz təzahürüdür.

Ordu quruculuğu prosesinin ölkəmizin taleyində rolu və əhəmiyyətindən danışarkən bir məsələni xüsusi qeyd etmək istərdim – bu da Ordumuzun peşəkarlığıdır. Məhz Ulu Öndərin başladığı və Müzəffər Ali Baş Komandanımızın uğurla davam etdirdiyi islahatlar nəticəsində qüdrətlənən Ordumuz Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində düşməni məğlub edərək ona layiqli cavab vermişdir. Qazanılan bu təcrübə və peşəkarlıq Vətən müharibəsindən sonra həyata keçirilən “Fərrux”, “Qisas” və digər uğurlu əməliyyatlarda özünü bir daha təsdiqlədi.

Azərbaycan Ordusunun gücləndirilməsi, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə və Azərbaycan-Ermənistan şərti dövlət sərhədində yerləşən bölmələrin yeni silahlar, döyüş texnikası ilə təchiz olunması istiqamətində işlər uğurla davam etdirilir. Sosial-məişət bazasının möhkəmləndirilməsi, digər təminat sahələrindəki yeniliklər, hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi müasir silahlardan səmərəli istifadə imkanlarını da genişləndirir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.

Ordumuzun imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır. Dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu sıralarında genişmiqyaslı islahatlar bu gün də aparılır, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi davam edir. Məhz iki qardaş ölkə arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu gün ordumuz regionun ən güclü hərbi strukturu və dünya orduları sırasında layiqli və yüksək yer tutmuş, vahid komandanlıq altında mərkəzdən idarə olunan, vətənimizin müdafiəsində ayıq-sayıq dayanan ordudur.

Hazırda dünyada baş verən hərbi-siyasi proseslər, dövlətlərin təhlükəsizliyinə olan yeni təhdidlər hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələləri daha da aktuallaşdırıb. Bu səbəbdən də dövlət başçısının tapşırığına əsasən Vətən müharibəsindən sonra ölkəmizin hərbi qüdrətinin daha da artırılması məqsədilə yeni silahların alınması prosesi davam edir.

Bildiyiniz kimi, qardaş Türkiyə Respublikası ilə Azərbaycan arasında min illərə söykənən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni müstəviyə qədəm qoydu və bütün sahələrdə qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığa start verildi. Bu gün hərbi, hərbi-texniki sahədə ilbəil artan əlaqələrimiz, strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsində davam edir.

Təbii olaraq Azərbaycan qardaş Türkiyə ilə hərbi texniki sahədə əməkdaşlığa, Türkiyə istehsalı olan ən müasir silah və texnikanın, dünyanın qabaqcıl texnologiyalarını özündə əks etdirən müdafiə təyinatlı məhsulların alınmasına üstünlük verir. Eyni zamanda ölkəmiz hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir texnologiya nümunələrinə, dünya bazarında rəqabətə davamlılığı ilə seçilən hərbi təyinatlı vasitələrə böyük maraq göstərir. Bu maraq ölkəmizin müdafiə qüdrətinin və strateji müttəfiqimiz olan qardaş Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrimizin davamlı inkişafına xidmət edir.

Müdafiə Nazirliyinin rəhbər heyətinin qardaş Türkiyəyə səfərləri çərçivəsində Türkiyə Müdafiə Sənayesinin ASELSAN, “Roketsan”, HAVELSAN, ASPİLSAN və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilir, qarşılqlı maraq doğuran məsələlər müzakirə olunur. Artıq bir çox kontraktlar imzalanmışdır. Yeni pilotsuz uçuş aparatlarının, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsinə başlanılıb.

16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələrinin, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətli platformadır. Bu sərgi qardaş Türkiyənin dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir.

Müdafiə sənayesinin inkişafına xidmət edən bu cür sərgilərin keçirilməsi burada iştirak edən dövlətlərin istehsal etdiyi hərbi məhsulların dünya bazarında rəqabətə davamlılığına da mühüm töhfə verəcəkdir.

Bu sərgi iştirakçı ölkələr üçün mövcud hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək və geniş perspektivlər əldə etmək imkanı qazandıracaq, dostluq və birgə işin inkişaf etdirilməsi baxımından faydalı olacaq, mövcud müasir texnologiyalar bazasının təkmilləşdirilməsində mühüm rol oynayacaqdır.

Azərbaycanın hərbi sənaye imkanlarına gəlincə onu bildirmək istərdim ki, artıq ölkəmiz güclü hərbi potensiala və bu sahədə geniş imkanlara malikdir. Hərbi zavodlarımızda mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir. Belə ki, Azərbaycanın hərbi sənayesində bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları istehsal olunur.

Sözsüz ki, 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi mütəmadi olaraq qardaş Türkiyədə və Azərbaycanda təşkili də beynəlxalq hərbi əməkdaşlıq sahəsində qazandığımız uğurlar sırasındadır. Məhz Azərbaycanın müdafiə sənayesi sahəsində uğurları və bu istiqamətdə dünyanın nüfuzlu qurumlarının ölkəmiz ilə əməkdaşlığa olan marağı nəzərə alınaraq bu mötəbər sərginin Azərbaycanda da təşkil edilməsi və keçirilməsi barədə qərar qəbul edilib.

Əminəm ki, 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçiriləcək görüş və müzakirələrin ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da genişləndirilməsinə və dərinləşməsinə uğurlu zəmin yaradacaq, dünyada sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verəcəkdir.

Hər birinizə gələcək işlərinizdə uğurlar, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram!”.

Poliqon.az

CATEGORIES
TAGS