Zakir Həsənov: IDEF sərgisi Türkiyənin mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir

Zakir Həsənov: IDEF sərgisi Türkiyənin mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir

16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələrinin, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətli platformadır.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun IDEF-2023 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı mesajda deyilib.

Müdafiə nazirinin sözlərinə görə, bu sərgi qardaş Türkiyənin dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir: “Müdafiə sənayesinin inkişafına xidmət edən bu cür sərgilərin keçirilməsi burada iştirak edən dövlətlərin istehsal etdiyi hərbi məhsulların dünya bazarında rəqabətə davamlılığına da mühüm töhfə verəcəkdir. Bu sərgi iştirakçı ölkələr üçün mövcud hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək və geniş perspektivlər əldə etmək imkanı qazandıracaq, dostluq və birgə işin inkişaf etdirilməsi baxımından faydalı olacaq, mövcud müasir texnologiyalar bazasının təkmilləşdirilməsində mühüm rol oynayacaqdır.

Azərbaycanın hərbi sənaye imkanlarına gəlincə onu bildirmək istərdim ki, artıq ölkəmiz güclü hərbi potensiala və bu sahədə geniş imkanlara malikdir. Hərbi zavodlarımızda mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir. Belə ki, Azərbaycanın hərbi sənayesində bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları istehsal olunur”.

Zakir Həsənov bildirib ki, Beynəlxalq Müdafiə Sənayesi Sərgilərinin mütəmadi olaraq qardaş Türkiyədə və Azərbaycanda təşkili beynəlxalq hərbi əməkdaşlıq sahəsində qazanılan uğurlar sırasındadır: “Məhz Azərbaycanın müdafiə sənayesi sahəsində uğurları və bu istiqamətdə dünyanın nüfuzlu qurumlarının ölkəmiz ilə əməkdaşlığa olan marağı nəzərə alınaraq bu mötəbər sərginin Azərbaycanda da təşkil edilməsi və keçirilməsi barədə qərar qəbul edilib.

Əminəm ki, 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçiriləcək görüş və müzakirələrin ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da genişləndirilməsinə və dərinləşməsinə uğurlu zəmin yaradacaq, dünyada sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verəcəkdir”.

Poliqon.az

CATEGORIES