Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavini ilə görüşüb – VİDEO

Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavini ilə görüşüb – VİDEO

Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə Azərbaycan-Türkiyə arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən general-polkovnik Z.Həsənov hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən Ş.Alpay qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müdafiə naziri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilənm Ş.Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.

Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.

CATEGORIES
TAGS