Əfsanəvi “Minimi”ni “Evolys” əvəz edəcək – VİDEO

Belçikanın dünyaca məşhur “FN Herstal” şirkəti, əvvəlki əfsanəvi “Minimi” pulemyotunu geridə qoyacaq yeni pulemyot yaradıb.
Bu barədə “Poliqon” “FN Herstal” şirkətinə istinadən məlumat verib.
Yeni ultra yüngül pulemyot “FN EVOLYS” adlandırılıb və özünün bir sıra unikal xüsusiyyətlərə sahib olması ilə belçikalıların “pulemyot tarixində yeni bir başlıq yazmaq” niyyətində olduqlarını biruzə verir.
Yaradıcılara görə, “FN EVOLYS” pulemyotu, lentdən qidalanan pulemyotun imkanlarını avtomatik tüfəngin erqonomikliyi və balansı ilə birləşdirən radikal yeni ultra yüngül silahdır.
Model iki çapda – 5,56×45 mm və 7,62×51 mm çaplarda istehsal olunur. 5,56×45 mm-lik variantda silahın kütləsi 5,5 kq, lüləsinin uzunluğu 355 mm, ümumi uzunluğu isə teleskopik qundağın vəziyyətindən asılı olaraq 850-950 mm-dir. 7,62×51 mm çaplı modelin kütləsi 6,2 kq, lüləsinin uzunluğu 406 mm və ümumi uzunluğu 925-1025 mm-dir. Müqayisə üçün qeyd edək ki, 5.56 mm çaplı “FN Minimi” pulemyotunun baza versiyasının kütləsi 6,85 kq, İsrailin “Negev” əl pulemyotu 7,4 kq, Rusiyanın “Peçeneq” pulemyotu 8,2 kq, Almaniyanın MG-3 pulemyotu 11,5 kq və ABŞ-ın M240 pulemyotu 12,3 kq-dır.
Pulemyotun quruluşu açıq çaxmaqlı və qısa gedişli qaz porşeni ilə barıt qazlarının lülə kanalından çıxarılması prinsipinə əsaslanır. Pulemyot avtomatik atəşdən tək atəşə keçirici, səsboğucu, patentləşdirilmiş yan qidalandırma mexanizmi, müxtəlif növ nişangahlar quraşdırmaq üçün uzun Picattini rail tipli tamasa və optik nişangah ilə təchiz edilib.
“FN Herstal” şirkətindən bildirilib ki, pulemyotla bir əllə davranma mümkündür. Bundan başqa, qeyd edilib ki, silah solaxay insanlar üçün tamamilə uyğunlaşdırıldırılıb. Qundaq uzunluq və hündürlük üzrə tənzimlənir, təpməni yumşaltmaq üçün hidravlik dempfer ilə təchiz edilmişdir. Hər iki variant üçün dəqiqədə 750 atışdan ibarət praktiki atəş tezliyi, effektiv atəş məsafəsi 5,56 mm çaplı pulemyot üçün 800 metr və 7,62 mm çaplı pulemyot üçün 1000 metr göstərilir.
https://m.youtube.com/watch?v=eWYOrXny_v0
Əhəd Əzizov




