Sərgilər

105 mm-lik URAN özüyeriyən haubitsası ilk dəfə SAHA 2026-da nümayiş etdiriləcək – VİDEO

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti yeni hazırladığı 105 mm-lik URAN özüyeriyən haubitsasını ilk dəfə SAHA 2026 sərgisində nümayiş etdirəcək.

MKE-dən “Poliqon”a verilən məlumata görə, URAN özüyeriyən haubitsası sahədə uğurunu sübut etmiş BORAN haubitsasından əldə olunan mühəndislik bilik və təcrübəsi əsasında ərsəyə gətirilib.

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olduqdan sonra qısa müddətdə ixrac uğuru qazanan və 2024-cü ildə Banqladeşə tədarük edilən 105 mm-lik yüngül yedəkdə daşınan BORAN haubitsası, bununla Türkiyə Respublikası tarixində ilk haubitsa ixracı kimi qeydə alınmışdı.

105 mm-lik BORAN yüngül olması, qısa müddətdə atışa hazır vəziyyətə gətirilə bilməsi və hava platformaları ilə daşına bilməsi kimi xüsusiyyətləri sayəsində müasir əməliyyat mühitində effektivliyini sübut edib. Bu əməliyyat təcrübəsi, sistemin daha yüksək manevr qabiliyyəti və sürətli yerləşdirilmə tələblərinə cavab verəcək yeni bir həllin hazırlanmasına zəmin yaradıb.

Bu çərçivədə hazırlanan URAN özüyeriyən haubitsası BORAN-ın sahədə sübut olunmuş etibarlılığı və atəş gücünü 4×4 mobil platforma ilə birləşdirərək ən çətin ərazi və hava şəraitində artilleriya bölmələrinə sürət, çeviklik və yüksək atəş dəstəyini eyni sistemdə təqdim etməyi hədəfləyir.

MKE tərəfindən hazırlanmış atəşi idarəetmə sistemi ilə təchiz edilən 105 mm-lik URAN dəqiqədə 12 atəş aça bilir və 18 kilometrədək məsafədə yerləşən hədəfləri uğurla məhv edir.

Müasir döyüş meydanının “vur və mövqeyi dəyişdir” konsepsiyasına uyğun şəkildə layihələndirilən bu özüyeriyən haubitsa sistemi, xüsusilə sürətli reaksiya tələb edən tapşırıqlar üçün mühüm üstünlüklər təmin edir.

Back to top button