155 mm-lik “Msta-S” haubitsası ixrac üçün nümayiş etdirilib

Rusiya xarici müştəriyə NATO standartına uyğunlaşdırılmış 155 mm-lik haubitsa ilə təchiz edilmiş 2S19М1-155 “Msta-S” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) nümayiş etdirərək, yeni alıcı haqqında məlumat verib.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Söhbət “Orlan-10E” pilotsuz uçuş aparatı (PUA) ilə birlikdə işləyərkən 2S19M1-155 “Msta-S” qurğusunun qabiliyyətlərinin xarici müştəri üçün nümayişindən gedir.
Amma, bu nümayişin tam olaraq kimlər üçün təşkil edildiyi “Rostex” DK mətbuat xidmətinin xəbərində açıqlanmır. Müəyyən bir sirli “xarici sifarişçi”yə işarə edilir.
Eyni zamanda, 155 mm-lik çap, təkmilləşdirilmiş 2S19М1-155 “Msta-S” ÖAQ alıcılarının hələ də Qərb standartlı artilleriya sistemlərindən istifadə edən Afrika, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələri ola biləcəyini ehtimal etməyə əsas verir.
Bununla belə, qeyd etmək lazımdır ki, hazırda “Orlan-10E” sisteminin yeganə xarici müştərisi öz arsenalında 155 mm-lik 36 ədəd Nora B-52 (Serbiya) və 12 ədəd NORINCO SH-1 (Çin) haubitsaları olan Myanmadır.
“Defence24” nəşri NATO çaplı 2S19М1-155 “Msta-S” haubitsasının iddia edilən “ilk müştəri”sinin Myanma ola biləcəyini göstərərək şərh etməyə çalışır.
Bir sıra Qərb analitiklərə görə, təsirin əvvəldən də olması ilə yanaşı, Myanma, xüsusilə 01 fevral 2021-ci il tarixində baş vermiş son hərbi çevrilişdən sonra tam şəkildə Moskvanın təsir zonasında daxil olmuşdur. Bu baxımdan Myanmada ordunun yenidən qurulması Rusiya Federasiyasından texnikaların alınması ilə müşayiət olunmaqla rus “şablonları” üzrə aparılır.
Bu özünü son illərdə alınan silah və texnika nümunələrində də göstərir. Belə ki, son dövrlərdə Myanma Rusiyadan Mi-24 və Mi-35P hücum helikopterlərini (12 ədəd), MiQ-29 qırıcılarını (29 ədəd: 18 MiQ-29, 6 MiQ-29SE və 5 MiQ-29UB), Yak-130 təlim-məşq təyyarələrini (10 ədəd), BRDM-2MS zirehli kəşfiyyat-dozor maşınlarını (təmannasız bağışlanıb), Belarusdan S-125 “Pechora-2M” zenit raket komplekslərini əldə edib. Bundan başqa, 2021-ci ilin yanvarında 96K6 “Pantsir-1S” zenit raket-top komplekslərinin və yuxarıda qeyd olunan “Orlan-10E” kəşfiyyat PUA tədarükü üçün müqavilə imzalanıb.
“Msta-S” ÖAQ-nun NATO standartlı sursat üçün uyğunlaşdırılmış ixrac versiyası ilk dəfə 2020-ci ildə ictimaiyyətə təqdim edilib. Qurğunun yeni variantı rus haubitsasının potensial alıcılarının siyahısını əhəmiyyətli dərəcədə genişləndirmək məqsədi ilə hazırlanıb. Hazırda 152 mm-lik versiya (NATO təsnifatı üzrə M1990 “Farm”) Rusiya Federasiyasından başqa (536 ədəd), daha yeddi operator tərəfindən istifadə olunur: Azərbaycan (18 ədəd), Belarusiya (12), Efiopiya (12), Gürcüstan (1), Ukrayna (40), Venesuela (57) və Mərakeş (bilinməyən sayda).
Əhəd Əzizov




