Mansurjon İbodullayev: Özbəkistan Azərbaycanla müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirməyə hazırdır – MÜSAHİBƏ

Mansurjon İbodullayev: Özbəkistan Azərbaycanla müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirməyə hazırdır – MÜSAHİBƏ

Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Gapparoviç “Poliqon” hərbi-kosmik texnoloji jurnalına müsahibə verib.

– Cənab Mansurjon, rəhbərlik etdiyiniz Müdafiə Sənayesi Agentliyinin Özbəkistan müdafiə sənayesində yeri və rolu barədə oxucularımıza hansı məlumatları verə bilərsiniz?

DSC 6118

­– İlk növbədə qeyd etmək istərdim ki, dövlətlərimiz arasında müdafiə-sənaye sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ölkələrimizin rəhbərləri – Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin demək olar ki, bütün sahələrdə intensiv əməkdaşlığının nəticəsidir. 2017-ci ilin noyabr ayında Özbəkistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə yerli müdafiə-sənaye kompleksinin yaradılmasına təkan verilib.

Hərbi təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşan mövcud zavodların istehsal bazası genişləndirildi, yeni müdafiə müəssisələri yaradıldı.

Qəbul edilmiş yeni Müdafiə Doktrinasının tərkib hissəsi kimi, müdafiə sənayesi sektorunun inkişafının prioritet istiqamətləri müəyyən edilib. Bu da bu sahədə konkret nəticələrin əldə edilməsinə, o cümlədən xarici dövlətlər və şirkətlərlə hərbi-texniki əməkdaşlığın artırılması, yerli elmi-tədqiqat işlərinin (ETİ) yaradılması, istehsal olunan hərbi məhsulların çeşidinin genişləndirilməsinə imkan vermişdir.

Özbəkistan Prezidentinin təşəbbüsünün məntiqi davamı olaraq və milli ordunun hərbi-texniki təchizatla təminatının qısa, orta və uzunmüddətli perspektivlərini müəyyən etmək, habelə dövlət müdafiə sifarişini təsdiq etmək məqsədilə Fərman imzalanıb.

Özbəkistan Silahlı Qüvvələrinin və müdafiə sənayesinin təchiz edilməsi sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədi ilə ölkə prezidentinin Sərəncamı qəbul edilmişdir. Bu sənədlə Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyi yaradıldı və o, müdafiə sənayesi müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və onların inkişafı sahəsində dövlət siyasətini həyata keçirən vahid Dövlət İdarəetmə orqanına çevrildi.

Cənab Mansurjon, Agentliyin fəaliyyətinin çoxşaxəli olduğunu görürük. Əsas ağırlıq hansı seqmentlərə verilir?

DSC 6076– Müdafiə Sənayesi Agentliyin əsas istiqamətləri aşağıdakılardır: yerli müəssisələr və xarici tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində hərbi təyinatlı məmulatların və xüsusi mühafizə vasitələrinin istehsalı üzrə yeni imkanların yaradılması; xarici dövlətlər və şirkətlərlə çoxşaxəli hərbi-texniki əməkdaşlığın genişləndirilməsi; hərbi və ikili təyinatlı məhsulların istehsalının mənimsənilməsinə yönəlmiş elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin potensialının daha da artırılması; bu sahəyə investisiyaların geniş cəlb edilməsi, müasir texnologiyalar əsasında idxalı əvəz edən və ixracyönümlü məhsulların yaradılması, onların ixracının təmin edilməsi; müdafiə müəssisələrinin innovativ və davamlı inkişafı, müdafiə sənayesində texnoloji müstəqilliyin təmin edilməsi.

– Müdafiə sənayesi müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və onların inkişafı sahəsində səlahiyyətli dövlət qurumu olan Özbəkistan Müdafiə Sənayesi Agentliyi özəl sektor müdafiə sənayesi şirkətlərinə lisenziya verilməsi qaydalarını necə həyata keçirir və özəl şirkətlərə hansı üstün imkanlar təmin edir?

– Agentlik hərbi və ikili təyinatlı məhsulların işlənməsi, istehsalı, təmiri, modernləşdirilməsi, unifikasiyası, uyğunlaşdırılması, ləğvi (utilizasiyası), emalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla vahid texniki siyasət həyata keçirir, habelə bu sahədə fəaliyyətin lisenziyalaşdırılmasını həyata keçirir. Lisenziyalaşdırma proseduru Özbəkistan Respublikası Hökumətinin müvafiq qərarı ilə tənzimlənir.

DSC 6128 — копия

– Özbəkistan ordusu üçün Agentliyin tabeliyində olan müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi və ikiməqsədli məhsulların təchizatı necə təşkil olunur? Agentliyin müəssisələrdə istehsal edilən və ölkənin silahlı qüvvələrinə təhvil verilən və ya bunun üçün istehsal mərhələsində olan müdafiə təyinatlı məmulatlarla bağlı nələri deyə bilərsiniz?   

– Bildiyiniz kimi, istənilən dövlətdə ordunun təchizat qaydası iqtisadi-texniki imkanlar nəzərə alınmaqla ölkənin güc strukturlarının təklifləri əsasında Dövlət Sərəncamından irəli gəlir. Agentliyin strukturuna bir neçə zavod, o cümlədən iqtisadi sahələr üzrə hərbi və ikili təyinatlı məhsulların işlənib hazırlanması və istehsalı, silah və hərbi texnikanın təmiri və modernləşdirilməsi üzrə xidmətlər göstərən 20-dən çox müəssisə daxildir. Müdafiə zavodlarımızda 2000-dən çox işçi çalışır. Müdafiə sənayesi müəssisələri üçün elmi kadrların, mühəndislərin, konstruktorların və proqramçıların özəyi formalaşıb.

Eyni zamanda, mütəxəssislərimizin səyləri hərbi təyinatlı məhsulların istehsalının dərindən lokallaşdırılmasının təmin edilməsinə, o cümlədən yeni innovativ materialların, komponentlərin və xammalın istehsalının inkişafına, eləcə də iqtisadiyyat sahələrinin imkanlarından geniş istifadə etməklə mövcud silah və hərbi texnikanın modernləşdirilməsinə yönəlib. Həmçinin, göstərilən xidmətlərin keyfiyyəti və istehsal olunan hərbi təyinatlı məhsullar bu sahədə beynəlxalq standartların tələblərinə cavab verən ciddi nəzarətdən keçirilir.

DSC 6100 1– Azərbaycan ilə Özbəkistan arasında müdafiə sənayesi sahəsində birgə istehsalın yaradılması, xüsusilə Agentliyiniz tərəfindən Azərbaycana texnologiya transferi ilə bağlı hansı planlar mövcuddur?

– Özbəkistan və Azərbaycan arasında hərbi-texniki sahədə qarşılıqlı fəaliyyət dövlətlərimizin başçılarının iki ölkə iqtisadiyyatının gələcək inteqrasiyasına əsaslanan siyasətinin məntiqi davamıdır. Bu baxımdan biz qardaş Azərbaycanımızla qarşılıqlı faydalı əməkdaşlıq və sıx əməkdaşlıq əsasında müdafiə-sənaye sahəsində birgə layihələr həyata keçirməyə hazırıq.

– Noyabr ayının 23-də Azərbaycana rəsmi səfəriniz çərçivəsində müdafiə sənayesi nazirimizlə görüşdünüz. Bu görüşdə hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə çərçivə sənədi olaraq yol xəritəsinin hazırlanmasına dair razılığa gəlinib. Bu yol xəritəsinin əhatə edəcəyi əməkdaşlıqla bağlı nələri deyə bilərsiniz?

2069– Sizin də qeyd etdiyiniz kimi, bu yaxınlarda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə səmərəli görüşümüz baş tutdu. Görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Özbəkistan-Azərbaycan əlaqələrinin hərbi-texniki sahədə genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Biz ikitərəfli əməkdaşlığın təmin edilməsi üçün prioritet tədbirlərin müəyyən edilməsi məqsədilə bu sazişləri Yol Xəritəsində birləşdirməyi planlaşdırırıq.

– Cənab Mansurjon, SPECA həftəsində bir sıra yeni məhsullarınızı təqdim etdiniz. Bu yeniliklər barədə bir qədər detallı məlumat verməyinizi xahiş edirik. Məsələn, yeni PUA-larınız, zirehli nəqliyyat vasitələri barədə məlumatlar oxucularımız üçün maraqlı olar.

­DSC 6103– Ən yüksək səviyyədə təşkil olunmuş Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının nailiyyətlərinin sərgisi Özbəkistanın müdafiə sənayesi məhsullarının nümunələrini nümayiş etdirməyə imkan verdi. Siz də şahid olduğunuz kimi, “Lochin” brendi altında pilotsuz uçuş sistemləri sərgi qonaqlarının diqqətinə layiq idi.

Eləcə də tam istehsal dövrü ölkəmizdə qurulmuş yüngül zirehli maşınlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Bu məhsullar müasir silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb və ölkənin mülkiyyətidir.

– Hər il Özbəkistanda “Securex Uzbekistan” beynəlxalq sərgisi keçirilir, amma bildiyim qədəriylə bu sərgi müdafiə sektorunu əhatə etmir. Özbəkistanda beynəlxalq müdafiə sənayesi sərgisinin təşkil edilməsini planlaşdırırsınızmı?

– Bəli, biz Özbəkistanda beynəlxalq müdafiə sənayesi sərgisinin təşkili məsələsini nəzərdən keçiririk. Lakin bu məsələ əlavə araşdırma tələb edir. Eyni zamanda, Azərbaycanın bu cür tədbirlərin keçirilməsində çoxillik təcrübəsi bizim üçün çox önəmlidir.

– Cənab Mansurjon, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

DSC 5947– Xüsusilə qeyd etmək istərdim ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında təkcə hərbi-texniki sahədə deyil, həm də qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə ikitərəfli əlaqələrimizin inkişafı və dərinləşdirilməsi üçün çox böyük potensial var. Əminəm ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək. Azərbaycan Respublikası ilə hərbi-texniki sahədə, eləcə də ikitərəfli əməkdaşlığın digər sahələrində səmərəli inkişaf və konkret əməli nəticələr artacaq. Mən bir daha səmimi qəbula və bu genişmiqyaslı tədbirin yüksək səviyyədə təşkilinə görə sərginin təşkilatçılarına dərin minnətdarlığımı bildirmək istəyirəm.

Zaur Babaşov

POLİQON JURNALI

CATEGORIES
TAGS