WDS-2024-də nümayiş etdirilən T-90MS tankına baxış
Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) 4-8 fevral 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanında keçirilmiş “World Defense Show 2024” (WDS-2024) beynəlxalq sərgisində ziyarətçilərə və rəsmi nümayəndə heyətlərinə müxtəlif tipli quru, hava və dəniz platformalarını təqdim edib.
“Poliqon”un məlumatına görə, nümayiş olunan zirehli texnikalar arasında T-90MS tankı xüsusi diqqət çəkib.
T-90MS “Tagil” adlı əsas döyüş tankının yeni modeli Rusiyanın Nijni Taqil Tank Zavodu tərəfindən istehsal edilib. Tank, əvvəllər seriyalı istehsal olunan Rusiya tanklarında tətbiq edilməyən maraqlı texniki həlləri ilə dərhal diqqəti cəlb etmişdir. Qeyd edək ki, tank əvvəlki T-90A və T-90S modifikasiyaları əsasında yaradılmışdır.
T-90MS tankı dünya və Rusiya tankqayırma təcrübəsi, müharibələrdə və hərbi münaqişələrdə tanklardan istifadənin nəticələri, dünyanın müxtəlif ölkələrində təlimlər və tankların istismarı üzrə qoşun təcrübəsi əsasında yaradılmışdır.
T-90MS tankının yüksək döyüş xüsusiyyətləri güclü silahlar, müasir avtomatlaşdırılmış atəşi idarəetmə sistemi, zirehli texnikaların müdafiəsi sahəsində ən son nailiyyətlər, həmçinin etibarlı mühərrik və transmissiya ilə təmin edilir.
Silah sistemi məsafədən partlama da daxil olmaqla bütün növ döyüş sursatları ilə zəif görmə şəraitində, yerindən, hərəkətdə, gündüz və ya gecə hədəfləri komandir və tuşlayıcı yerindən məhv etməyə imkan verir.
125 mm-lik 2A46M-5 və ya 125 mm-lik 2A82 top-buraxma qurğusu tankın əsas döyüş silahıdır, bütün növ yerüstü, suüstü (əlçatan məsafə daxilində) və aşağı sürətli hava hədəflərini məhv etmək üçün təyin edilib.
Əsas silahın döyüş dəsti zirehdələn qanadlı çapaltı mərmili, qəlpəli-fuqas mərmili, kumulyativ mərmili və ya idarə olunan 9K119M “Refleks-M” raketli müxtəlif növ 40 dəst artilleriya atəş yığımından ibarətdir.
Tank topu ilə 7,62 mm-lik PKTM (indeks 6P7K) pulemyotu qoşalaşdırılıb. Pulemyot topla qoşalaşdırıldığı üçün onunla eyni atəş sektoruna malikdir. O, əsas silahın atəş bucaqları daxilində olan düşmənin şəxsi heyəti ilə mübarizə aparmaq üçün təyin edilib. Bu silah inkişaf etdirilmiş qüllə yuvası olan tamamilə yeni dairəvi fırlanan qülləyə quraşdırılıb. Onun döyüş dəstinə 2000 ədəd müxtəlif növ 7.62x54R mm-lik patron daxildir.
Tankda 7,62 mm PKTM pulemyotlu T05BV-1 uzaqdan idarə olunan pulemyot qurğusu quraşdırılıb. Əsas silahın atəş sektorundan yuxarıda, məsələn, binaların yuxarı mərtəbələrində, dik dağ yamaclarında, yaxud da əsas silahın atəş sektorunun altında, sığınacaqlarda, blindajlarda və ya tank topu və qoşalaşdırılmış PKTM pulemyotu üçün “ölü zona” olan birbaşa tankın yanında gizlənən düşmənin canlı qüvvəsi ilə mübarizə aparmaq üçün təyin edilib. Beləliklə, konstruktorların fikrincə, darısqal və şəhər döyüş şəraitində tankın döyüş dayanıqlığı təmin edilməlidir. Döyüş dəstinə 300/800 ədəd 7.62x54R mm/12.7×108 mm çaplı müxtəlif növ patronlar daxildir.
T-90MS tankı adi döyüş sursatlarına, idarə olunan artilleriya mərmilərinə, tank əleyhinə idarə olunan mərmilərə və tank əleyhinə əl qumbaraatanlarının qumbaralarına qarşı hərtərəfli çoxsəviyyəli müdafiəyə malikdir.
Tam rəqəmsal, yüksək avtomatlaşdırılmış “Kalina” atəşi idarəetmə sistemi Döyüş Məlumat və İdarəetmə Sistemi (BİUS) ilə inteqrasiya edilib. Termal (teplovizor) və televiziya cihazları, digər funksiyalarla yanaşı, hərtərəfli müşahidə üçün də təyin edilib.
Rusiya tanklarının ənənəvi aşağı siluetini, optimal çəkisini, yüksək hərəkət qabiliyyətini və yüksək sürətlə hərəkət zamanı ən çətin maneələri rəf etmək qabiliyyətini qoruyub saxlamaqla T-90MS tankı yüksək səviyyədə qorunma və sağqalma qabiliyyətinə malikdir.
T-90MS tankının əsas taktiki-texniki xüsusiyyətləri:
– döyüş kütləsi – 48000 kq (+3%);
– uzunluğu – 9530 mm;
– eni – 3780 mm;
– hündürlüyü – 2228 mm;
Silahlanması:
- əsas silahı – 125 mm-lik 2A46M-5 və ya 2A82 (5000 metr məsafədə idarə olunan sursatlarla atəş aparmağa qadirdir);
- qoşalaşdırılmış silah – 7,62 mm-lik PKTM pulemyotu;
- köməkçi silah – 7,62 mm-lik PKTM pulemyotlu (müştərinin istəyinə bağlı olaraq 12,7 mm “Kord” pulemyotlu) uzaqdan idarə olunan pulemyot qurğusu;
İdarəetmə sistemi – bütün müasir tələblərə cavab verən:
- idarə olunan silahlar kompleksi – 5 km-ə qədər atəş məsafəsini təmin edir;
- avtomatlaşdırılmış atəşi idarəetmə sistemi “Kalina”;
Döyüş dəsti:
- əsas silahın- 40 atəş yığımı;
- qoşalaşdırılmış pulemyotun – 2000 patron;
- köməkçi silahın (“Kord/PKTM) – 300 / 800 patron;
– çoxyanacaqlı V12 V-92S2F2 mühərrikinin gücü – 1130 at gücü (831 kVt);
– nisbi gücü – 23 at gücü/ton;
– şossedə maksimal hərəkət sürəti – 70 km/saat;
– şossedə yanacaq üzrə şossedə gediş ehtiyatı – 500 km;
– heyəti – 3 nəfər.
Əhəd Vahidoğlu