Ukrayna gələcəkdə Türkiyədən KAAN qırıcısı alacaq
Ukraynalı qruplar Türkiyənin milli döyüş təyyarəsi KAAN üçün mühərrik üzərində işləri davam etdirir.
“Poliqon” xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib.
KAAN-ın mühərriki ilə bağlı danışıqların Ukrayna-Rusiya müharibəsindən əvvəl başladığını xatırladan səfir bildirib ki, Ukraynanın mühərrik dizaynı məsələsində müxtəlif təcrübələri olan bir neçə şirkəti var.
Onun sözlərinə görə, bu mühərrik üçün digər beynəlxalq və Türkiyənin yerli istehsalçıları ilə rəqabət aparan Ukrayna şirkətlərindən ibarət konsorsium mövcuddur: “Ukraynanın təcrübəsi və yaxşı tərəfdaş etiketi var. Bu təyyarə üçün çox lazım olan və vacib xüsusiyyətlərlə təchiz edilmiş avadanlıqları tez bir zamanda istehsal edə bilərik”.
Səfir V.Bodnar KAAN-ın ABŞ istehsalı F-35 və F-22 qırıcıları ilə rəqabət apara biləcək potensiala sahib olacağına inandığını söyləyib.
“Dediyimiz kimi, bunu uğur hekayəsinə çevirə bilsək və həm Şərqdə, həm də Qərbdə üçüncü tərəflərin təsirinin qarşısını alsaq, regionun ən güclülərindən biri olacağıq”, – deyə Ukraynanın Türkiyədəki səfiri qeyd edib.
Ukraynın gələcəkdə KAAN alıb-almayacağı ilə bağlı məsələyə aydınlıq gətirən V.Bodnar, sözügedən qırıcını sadəcə satın almaqla qalmayacaqlarını və onlardan lazımi yerlərdə istifadə edəcəklərini vurğulayıb.