Rusiyada “Skalpel” kamikadze-PUA 2024-cü ildə seriyalı istehsal olunacaq
“Skalpel” pilotsuz zərbə platforması (kamikadze-pilotsuz uçuş aparatı) seriyalı istehsala buraxılıb.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, məhsulun bir neçə min nüsxəsi 2024-cü ilin sonunadək istehsal olunacaq.
Məmulatın istehsalçısı olan “Vostok” konstruktor bürosunda qeyd ediblər ki, inkişaf Rusiya ordusunda kəşfiyyat PUA-ları ilə kompleksin tərkib hissəsi kimi istifadə olunacaq.
Agentliyin məlumatına görə, “Skalpel” çox böyük seriyada istehsal olunacaq, 2024-cü ilin sonuna qədər məmulatın minlərlə nüsxəsinin istehsalına başlanacaq. Dəqiq saylar açıqlanmır, söhbət minlərlə mımulatdan gedir.
Qeyd edək ki, döyüş sursatı 2023-cü ilin sentyabr ayından Rusiya-Ukrayna müharibəsində istifadə olunur. Platformanın buraxıldığı katapult modernləşdirilib. O, daha yığcam, istifadəsi asan olub və üç dəfə daha sürətli açılır. Həmçinin “Skalpel” yeni rabitə vasitəsi əldə edib.
Platformanın faydalı yükü 5 kq, uçuş çəkisi 10,5 kq, kreyser sürəti 120 km/saat, uçuş məsafəsi 40 km-dir. PUA-nın əsas komponentləri kənardan iki dəst X formalı müstəvinin bərkidildiyi uzunsov gövdədə yerləşir. Onun dəqiq ölçüləri hələ açıqlanmır, lakin ən azı 1-1,2 m uzunluğunda olduğunu ehtimal etmək olar. Pilotsuz platformanın diametri 125 mm və uzunluğu 650 mm olan daxili bölməsi Rusiya Silahlı Qüvvələrində mövcud olan və hazırda PUA-larda istifadə edilən əksər məhvetmə vasitələrindən döyüş başlığı kimi istifadə etməyə imkan verir. Bu, “Skalpel” zərbə PUA-nın imkanlarını genişləndirir, hər bir bölməyə hədəfin növü və onun imkanları əsasında faydalı yük seçmək imkanı verir.
Platforma Rusiyanın “Kalaşnikov” konserninin tərkibinə daxil olan ZALA şirkəti tərəfindən hazırlanmış “Lanset” kamikadze-PUA-nın analoqudur. Qeyd edildiyi kimi, xarici olaraq və konstruktiv cəhətdən “Skalpel” həm yerli “Lanset” PUA-ya, həm də bəzi xarici modellərə bənzəyir.
Gövdənin arxa hissəsində itələyici pərvanəli elektrik mühərriki yerləşir. Aparatda həmçinin optimal ölçü və tutumlu akkumulyator batareyaları yerləşdirilir.
“Skalpel” məmulatı yaradıcıları tərəfindən birdəfəlik istifadə üçün çoxməqsədli pilotsuz platforma kimi sərgilənir. Əslində, söhbət bu sinifin avadanlıqlarının bütün xarakterik xüsusiyyətlərinə malik olan süzən sursatlardan gedir. Eyni zamanda, “Vostok” konstruktor bürosunun layihəsi istifadə olunan döyüş yükünə modul yanaşmanı təmin edir ki, bu da PUA/süzən sursatı platforma kimi nəzərdən keçirməyə imkan verir.
Bort idarəetmə sistemlərinin arxitekturası və iş prinsipləri barədə hələlik məlumat verilmir. Çox güman ki, PUA-da uzaqdan idarəetmə sistemi və müxtəlif rejimlərdə işləmək üçün avtopilot var. Uçuşda birbaşa idarəetmə müstəvilərin arxa dəstindəki sükanlardan istifadə etməklə həyata keçirilir.
PUA-nın bəzi komponentləri xarici istehsaldır.
Əhəd Vahidoğlu