Aviasiya rəisi: Vətən müharibəsi və Antiterror əməliyyatı zamanı 1000-dən çox döyüş uçuşu yerinə yetirilib
Azərbaycan Hərbi Hava Qüvvələri 2020-ci il Vətən müharibəsi və 2023-cü il Antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra edib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Kamandanının müavini – aviasiya rəisi general-mayor Zaur Rüstəmov POLİQON jurnalına müsahibəsində deyib ki, verilmiş düşmən hədəfləri yüksək peşəkarlıqla və dəqiqliklə məhv edilib.
“Riyazi hesablamalarla yeni döyüş üsulları işlənib hazırlandı. Bu da uçuş aparatlarının düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin təsir zonasına girmədən tapşırıqları icra etməyə imkan verdi.
Vətən müharibəsi və 24 saatlıq Antiterror əməliyyatı zamanı 1000-dən çox döyüş uçuşu yerinə yetirildi. Xəstə və yaralıların döyüş meydanından helikopterlər vasitəsi ilə təxliyəsi nəticəsində bir çox insanın həyatı xilas edildi. Bütün uçuş, eləcə də yerüstü heyət yüksək peşəkarlıq və fədakarlıq göstərərək verilən bütün tapşırıqların uğurla yerinə yetirilməsi üçün səylə çalışdı”, – deyə aviasiya rəisi general-mayor Zaur Rüstəmov vurğulayıb.