Ukrayna üçün nəzərdə tutulmuş F-16 qırıcılarına AASM aviasiya bombaları inteqrasiya edilir

Ukrayna üçün nəzərdə tutulmuş F-16 qırıcılarına AASM aviasiya bombaları inteqrasiya edilir

Ukrayna üçün nəzərdə tutulmuş F-16 qırıcılarına Fransanın AASM HAMMER yüksək dəqiqlikli aviabombaları inteqrasiya ediləcək.

“Poliqon” xəbər verir ki, bunu “La Chaîne Info” (LCI) telekanalına müsahibəsində Fransanın deputatı və Müdafiə və Silahlı Qüvvələr Komissiyasının rəhbəri Tomas Hasillud deyib.

“AASM HAMMER bombalarının Ukraynaya göndəriləcək F-16 təyyarələrinə inteqrasiyası üçün xeyli iş aparılır”, – deyə T.Hasillud bildirib.

Lakin T.Halkisud digər təfərrüatları açıqlamayıb. Qeyd etmək lazımdır ki, Fransanın modifikasiya edilmiş bombaları F-16 qırıcılarına fiziki olaraq quraşdırmaq problem deyil, çünki onlar Mark 82 bombaları üçün eyni quraşdırma dəstindən istifadə edirlər. Müvafiq olaraq, söhbət Ukraynaya verilməsi planlaşdırılan Avropa qırıcılarının atəşi idarəetmə sisteminə yeni silahların inteqrasiyasından gedə bilər. Və aydındır ki, bu cür manipulyasiyalar təyyarənin istehsalçısı “Lockheed Martin Corporation” (ABŞ) olmadan edilə bilməz.

Qeyd edək ki, belə inteqrasiya əvvəllər də həyata keçirilib və öz effektivliyini göstərib. Belə ki, 2014-cü ildə ABŞ-də F-16 qırıcılarının AASM ilə test sınaqları keçirilib. Sonra ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 40-cı uçuş sınaq eskadrilyasının təyyarəsi Eqlin aviabazasından havaya qalxaraq poliqon şəraitində yeni silah növündən uğurla istifadə edib. Ancaq o zaman fəaliyyətlər davam etməmişdir.

Xatırladaq ki, daha əvvəl Norveçin xarici işlər naziri Espen Bart Eyde də Norveçin Danimarka və Niderland tərəfdaşları ilə birlikdə Ukraynaya “daha ​​uzun mənzilli zərbə imkanlarına malik” F-16 döyüş təyyarələrini təhvil verməyə hazırlaşdığını bildirmişdi.

“Norveçin F-16 qırıcılarını təhvil verəcəyik, onlar yenilənib və yaxşı vəziyyətdədir. Danimarkalı və niderlandlı həmkarlarla birlikdə Ukraynalı pilotların hazırlığı yerinə yetirilir. Ola bilsin ki, orada hazırda Ukrayna üçün çox vacib olan daha çox uzunmənzilli zərbə imkanları olacaq”, – deyə nazir vurğulamışdı.

Bundan başqa, gələcək Ukrayna qırıcılarının modernləşdirilməsi mövzusunu ötən il Ukrayna tərəfi də qaldırmışdı. Xalq deputatı Oleksandra Ustinova bildirmişdir ki, Ukrayna nümayəndələri, o cümlədən Müdafiə Nazirliyi beynəlxalq tərəfdaşlarla modernləşməni fəal müzakirə edir.

“Biz təmin ediləcəyimizə söz verilən F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparırıq. Çünki onlar üçün daha güclü radarlar və daha yaxşı raketlər lazımdır. Sadəcə, bizə MiQ təyyarələri kimi 60 km radarı olan təyyarənin verilməsinin mənası yoxdur”, – deyə xalq deputatı qeyd edib.

AASM HAMMER artıq Ukrayna taktiki aviasiyası tərəfindən istifadə edilən ABŞ JDAM-ları kimi artıq mövcud sərbəst düşən idarə olunmayan aviasiya bombaları üçün modernləşdirmə dəstidir. Dəst tuşlama sistemi və qanadcıüları olan ön hissədən və uçuş məsafəsini artırmaq üçün nəzərdə tutulmuş sürətləndiricisi olan arxa hissədən ibarətdir.

Fransada iki növ aviasiya bombası dəsti var: çəkisi 227 kq olan Mk.82 üçün HAMMER-250 və çəkisi 908 kq olan Mk.84/BLU109 üçün HAMMER-1000. 125 və 500 kq aviasiya bombaları üçün də versiyalar var. Güc baza bombasının növü ilə müəyyən edilir.

AASM modernləşdirmə dəstinin burun hissəsi üç tuşlama sistemi ilə təchiz oluna bilər: GPS korreksiyası ilə inersial, termal özütuşlama başlığı ilə inersial və ya lazer şüalı tuşlama sisteminin analoqu ilə. Yaradıcının sözlərinə görə, ilk tip sistem 10 metr, sonuncu ikisi isə cəmi 1 metr vuruş dəqiqliyinə malikdir.

Modul quruluşu sayəsində hədəfin növündən və döyüş tapşırığının xarakterindən asılı olaraq bombanın xüsusiyyətlərini dəyişmək mümkündür. Partlayışın hündürlüyünü, sürətini və təsir bucağını proqramlaşdırmaq mümkündür.

Perspektivli AASM HAMMER aviasiya bombası Fransa Müdafiə Nazirliyinin sifarişi ilə 1997-ci ildən inkişaf etdirilib. 2000-ci ildə proqramın müsabiqə mərhələsinin qalibi SAGEM şirkəti (indiki Safran qrupuna daxildir) olmuş və o, sonrakı işlər üçün müqavilə alıb.

Yeni bombanın sınağı və inkişafı uzun müddət çəkmiş və o, yalnız 2008-ci ildə silahlanmaya qəbul edilib. Tezliklə seriya istehsalına başlanmış və Fransa HHÜ və Hərbi Dəniz Qüvvələri (HDQ), eləcə də bir sıra xarici ölkələr üçün istehsal edilib.

Hazırda bu texnologiyanın istehsalçısı Fransanın “Safran Electronics & Defense” qrupudur. AASM HAMMER 2008-ci ildən silahlanmada istifadə olunur.

Fransa HHQ-də belə sursatlar Mirage 2000D, Dassault Rafale, Tejas, F-16 və Mirage F1 təyyarələrində istifadə üçün uyğunlaşdırılıb. Ukrayna SQ HHQ-də onlar MiQ-29 və Su-24M təyyarələrindən buraxılış üçün uyğunlaşdırılıb.

AASM HAMMER texnologiyası ABŞ-nin JDAM ağıllı aviasiya bombalarının analoqudur və onlar da Ukraynaya verilmişdir, Su-27 və MiQ-29 qırıcılarında istifadə üçün uyğunlaşdırılıb.

Bunun üçün sərbəst düşən aviasiya bombasına quraşdırmaq, onu idarə olunana çevirmək üçün bir sıra avadanlıq hazırlanıb. Bu zaman, müxtəlif çaplı döyüş sursatlarının yenidən təchiz edilməsi və müxtəlif tuşlama qurğuların istifadəsi nəzərdə tutulur. Bunun sayəsində əslində fərqli xüsusiyyətlərə və potensiala malik bomba ailəsi yaradılıb. Bundan başqa, bu yanaşma modernləşdirmənin həyata keçirilməsini və yeni modifikasiyaların yaradılmasını sadələşdirib.

Belə şəkildə modernləşdirilmiş bombaların uçuş məsafəsi təxminən 70 km, ehtimal edilən sapma isə təxminən 10 m-dir.

AASM HAMMER texnologiyası “küt” bombanı “ağıllı” tənzimlənən aviasiya bombasına çevirmək üçün aşağıdakı hissələrlə təchiz edilməsini təmin edir:

  • pərli və və sürətləndiricili quyruq modulu;
  • döyüş hissəsi;
  • tuşlama bloku.

Qeyd olunduğu kimi sursatın tuşlanması üç növ ola bilər:

  • inersial (INS) / peyk (GPS) – bu, geniş spektr hədəflərə qarşı əsas versiyadır;
  • inersial (INS) / peyk (GPS) / infraqırmızı (İR) – siqnalın susdurulması şəraitində qorunan hədəflərə qarşı;
  • inertial (INS) / peyk (GPS) / lazer – siqnalın susdurulması şəraitində hərəkət edən hədəflərə qarşı.

Modernləşdirmə zamanı standart aviasiya bombasının gövdəsinə infraqırmızı və ya yarıaktiv lazer özütuşlama başlıqlı əlavə baş modulu quraşdırıla bilər. AASM quyruq modulu inersial və peyk naviqasiya sisteminə, avtopilota və idarəediciləri olan sükanlara malikdir. Uçuş əvvəlcədən daxil edilmiş koordinatlara uyğun və ya müəyyən hədəfə tuşlanmaqla həyata keçirilir.

Yekunda qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri (SQ) cəbhədə Fransa istehsalı AASM HAMMER texnologiyasına əsaslanan ağıllı bombalardan istifadə etməyə başlayıb. Ukrayna HHQ artıq Xerson vilayətində və ələ keçirilən Avdeyevka koks zavodunda 250 kq-lıq belə mərmilərlə Rusiya SQ bölmələrinə hücum edib.

Xüsusilə, cari ilin mart ayının 4-də Ukrayna SQ HHQ komandanı Nikolay Oleşçuk Telegram-da zərbə anının videosunu və “Odessa uşaqları üçün. Nifrətlə, hörmətsiz” yazısı olan AASM HAMMER idarə olunan aviasiya bombasının fotosunu dərc edib. Bu bomba Xerson vilayətinin işğal olunmuş hissəsindəki Rusiya hərbi obyektinə qarşı istifadə edilib.

Bundan başqa, Ukrayna 2023-cü ilin fevralında ABŞ-dan yüksək dəqiqliyə malik JDAM ağıllı aviasiya bombaları alıb, ilk istifadəsi ötən ilin martında təsdiqlənib. 2023-cü ilin iyulunda isə Ukrayna HHQ ilk dəfə MiQ-29 təyyarələrindən belə bombaların istifadəsini nümayiş etdirib. JDAM-ER dəsti ilə təchiz edilmiş Ukraynanın istifadə etdiyi tip Mark 82 hava bombası hədəfdən maksimal 11 metr sapma ilə 72 km-ə qədər məsafədə hədəfi vurmağa qadirdir ki, bu da Fransanın AASM HAMMER ağıllı bombasının xüsusiyyətlərinə uyğun gəlir.

Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin son hesabatlarında vurğuladığı kimi, ABŞ-nin yardımının dayandırılması səbəbindən JDAM bombalarının Ukraynaya tədarükü dayandırılıb. Bunun əvəzinə Fransa 2024-cü ilin yanvarında Ukraynaya ayda təxminən 50 AASM HAMMER aviasiya bombası verməyə başlayıb.

Əhəd Vahidoğlu

CATEGORIES