Ukrayna Çin istehsalı “Mavic 3” dronları alır
Ukraynanın Müdafiə Nazirliyi Çinin DJI şirkəti tərəfindən istehsal edilən “Mavic 3” dronları alır.
Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi əlavə avadanlıqlarla birlikdə 4200 ədəd “Mavic 3E” dronunun alınması üçün yeni müqavilələr bağlayıb.
Beləliklə, Ukraynanın Müdafiə Təchizatları Agentliyi indiyə kimi DJI şirkətindən ümumilikdə 8200 ədəd “Mavic 3”un (7200 ədəd “Mavic 3E” və 1000 ədəd “Mavic 3T”) alınmasına dair 1.1 milyard UAH (27.7 milyon ABŞ dolları) dəyərindəki müqavilələrə imza atıb.
“Mavic 3” dronunun qiyməti:
- “Mavic 3E” üç əlavə batareya və şarj cihazı ilə – 126.3 min UAH (3100 dollar)
- “Mavic 3T” üç əlavə batareya və şarj cihazı ilə – 194.2 min UAH (4900 dollar)
Bundan başqa, Müdafiə Təchizatları Agentliyi tərəfindən əlavə 4000 ədəd “Mavic 3E” və 1500 ədəd “Mavic 3T” dronun alınması üçün tender artıq keçirilib və müqavilələrin imzalanması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun Komando bölmələri tərəfindən də istifadə olunan “Mavic 3” dronları kəşfiyyat və müşahidə missiyaları üçün nəzərdə tutulub.