Azərbaycan və İtaliya hərbi-texniki sahədə əməkdaşlığa başlayıb
Azərbaycan və İtaliya artıq hərbi-texniki sahədə də əməkdaşlığa başlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan C-27J “Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.
İtaliyanın müdafiə naziri Quido Krosetto 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Azərbaycana böyük nümayəndə heyəti ilə gəlməsinin və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin burada olmasının önəmini qeyd edən Quido Krosetto müdafiə sənayesi sahəsində əməkdaşlığımızın başlanmasından məmnunluğunu bildirib.