Xorvatiya 8 ədəd UH-60M “Black Hawk” helikopteri alıb

Xorvatiya 8 ədəd UH-60M “Black Hawk” helikopteri alıb

Xorvatiya rəsmi olaraq “Lockheed Martin” korporasiyasına daxil olan “Sikorsky” şirkətinin istehsalı etdiyi 8 ədəd UH-60M “Black Hawk” helikopteri alıb.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, təxmini dəyəri 500 milyon ABŞ dolları olan müqaviləyə helikopterlər, ehtiyat hissələri və müvafiq dəstək avadanlığı daxildir.

“Lockheed Martin” korporasiyası Xorvatiyanın UH-60M “Black Hawk” helikopteri parkının 12 ədədə çatdığını bildirib.

Xorvatiyanın UH-60M “Black Hawk” helikopterləri qoşunların yerdəyişməsi, sərhəd mühafizəsi, terrorla mübarizə, tibbi təxliyə, axtarış-xilasetmə əməliyyatları, ehtiyatların tədarükü və döyüş dəstəyi daxil olmaqla müxtəlif tapşırıqları yerinə yetirə bilər.

Xatırladaq ki, yanvar ayında ABŞ Dövlət Departamenti Xorvatiyaya hökumətlərarası “Foreign Military Sale” (FMS) proqramı çərçivəsində UH-60M “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib.

Bu alış Xorvatiyanın mühüm sərmayəsidir, regionda və NATO ittifaqında özünümüdafiə və təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

“Black Hawk” helikopterlərinin M240H pulemyotları ilə silahlandırılması planlaşdırılır. Bunun üçün bu atıcı silahlardan 18 ədəd alınacaq.

Müqaviləyə 19 ədəd T700-GE 701D mühərriki daxildir ki, onlardan da 16-sı helikopterlərdə quraşdırılacaq, 3-ü isə ehtiyat hissəsi olacaq. Bundan başqa, pilotlar və yerüstü heyət üçün trenajorların, dəbilqələrin və helikopterlərə texniki qulluq üçün xüsusi alətlərin verilməsi də nəzərdə tutulur.

Mühəndis-texniki və logistika dəstək xidmətləri ABŞ hökuməti və podratçılar, eləcə də digər əlaqəli logistik elementlər və dəstək proqramları tərəfindən təmin ediləcək.

Qeyd edək ki, bundan əvvəl Xorvatiya dörd UH-60M “Black Hawk” helikopteri alıb. Onlardan ikisi ölkənin öz vəsaiti hesabına 115 milyon ABŞ dollarına alınıb, ikisi isə ABŞ hökuməti tərəfindən hədiyyə edilib.

“Black Hawk” helikopterlərindən istifadə edən bütün dövlətlər, o cümlədən NATO-ya üzv ölkələrin əhəmiyyətli və artan sayı, istehsal olunan 5000-dən çox “Hawk” uçuş vasitəsindən ibarət bir sıra əməliyyat imkanlarından və qlobal ekosistemdən faydalanır. Bundan başq, UH-60M/S-70M “Black Hawk” helikopterinə davamlı qlobal sərmayə, onun köhnə orta yükdaşıma helikopter parklarının modernləşdirilməsi və dəyişdirilməsi üçün ən yaxşı seçim olduğunu sübut edib. UH-60M “Black Hawk” helikopteri “21st Century Security®” tapşırıqları üçün sağqalma qabiliyyətini və ümumi effektivliyi artıraraq, daha geniş diapazonlarda və ən çətin mühitlərdə müxtəlif əməliyyatlar aparmaq çevikliyinə malikdir.

ABŞ-nin çoxməqsədli “Black Hawk” (“Qara şahin”) helikopteri Sauk hindu qəbiləsinin hərbi liderinin adını daşıyır. İstehsalçının zavod indeksi S-70-dir, S – Sikorsky sözündən, ümumqoşun indeksi isə UH-60, UH – “Utility Helicopter” (“Universal helikopter”) söz birləşməsindən götürülüb.

ABŞ Ordusunda silahlanmasında Bell UH-1 “Iroquois” (həmçinin “Huey” olaraq tanınır) helikopterini əvəz edib.

Əlavə asqılar quraşdırıldıqda helikopter AGM-114 “Hellfire” tank əleyhinə idarə olunan raketlər və uzun məsafəli uçuşlar üçün əlavə yanacaq çənləri ilə təchiz oluna bilər. Həmçinin yük bölməsinin ön hissəsində M240, M134 pulemyotları və 30 mm-lik M230 topunu quraşdırmaq mümkündür.

UH-60 “Black Hawk” helikopterinin sınaq nümunəsinin uçuş sınaqları 1976-cı ildə tamamlanıb və helikopter ABŞ Ordusuna tədarük müsabiqəsində qalib gəlib.

Helikopterin ekipajı 3 nəfərdən ibarətdir: 2 pilot və borttexnik. Sərnişin tutumu isə tam təchiz edilmiş 11 əsgər və ya 6 yataq xəstəsidir.

O, 1977-ci ildən istehsal olunur və bu müddət ərzində bir neçə dəfə modernləşdirilib. Helikopterin çoxsaylı modifikasiyaları mövcuddur və o müxtəlif modifikasiyalarda ABŞ daxil olmaqla 30-dan artıq ölkənin güc strukturlarında istifadə olunur. Hazırda ABŞ ordusunun istifadə etdiyi model UH-60M-dir.

Əhəd Vahidoğlu

CATEGORIES