STM-in SIMDES sistemi NATO təlimində istifadə olunub
NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi Komandanlığı (MARSEC COE) tərəfindən Antalya Körfəzində həyata keçirilən “Dəniz Təhlükəsizliyi Təlimi-2023” (EXER MARSEC- 2023 OPEX) təlimində STM şirkətinin hazırladığı “Simulyasiya Əsaslı Qərar Dəstək Sistemi”ndən (SIMDES) istifadə edilib.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, SIMDES sistemi təlimin əməliyyat eksperimenti (OPEX) mərhələsində uğurla istifadə olunub.
Bildirilib ki, sınaq ssenarilərinin yerinə yetirilməsinin mümkünlüyünün qiymətləndirilməsində mühüm rol oynayan SIMDES tapşırıq faktiki olaraq həyata keçirilməzdən əvvəl təlimin effektivliyinin və müvəffəqiyyətinin artırılmasında əsas rol oynayıb. SIMDES dəniz təhlükəsizliyi imkanlarının təkmilləşdirilməsinə, əməkdaşlığın və innovasiyaların təşviqinə böyük töhfə verib.
Təlim üçün nəzərdə tutulmuş ssenarilərdən ikisi SIMDES ilə simulyasiya ssenarilərinə çevrilərək sınaqları keçirilib. Daha sonra hazırlanmış ssenarilər və sınaq nəticələri müvafiq təhlillərlə birlikdə STM mühəndisləri tərəfindən təlimdən əvvəl keçirilən konfransda təqdim edilib.
SIMDES ilə dəniz, quru və hava əməliyyatları üçün effektivlik təhlilləri həyata keçirmək mümkündür ki, bununla da döyüş ssenariləri əməliyyat meydanında tətbiq olunmamışdan əvvəl simulyasiya mühitində yoxlanıla bilər.
İstifadəçi tərəfindən yaradılan ssenarilərdə fərqli platforma sistem konfiqurasiyaları, qərar mexanizmləri və davranışlar üçün müxtəlif ətraf mühit şəraitində eksperimental dizaynla çoxsaylı fəaliyyətlər həyata keçirilə və çox kriteriyalı qərar vermə üsulları ilə simulyasiya nəticələri təhlil edilə bilər.