Ukraynada 2S22 “Boqdana” ÖAQ-ın yedəyə alınan versiyası hazırlanır

Ukraynada 2S22 “Boqdana” ÖAQ-ın yedəyə alınan versiyası hazırlanır

Ukraynada 2S22 “Boqdana” təkərli özüyeriyən artilleriya qurğusunun (ÖAQ) artilleriya hissəsi əsasında 155 mm-lik yedəyə alınan haubitsa hazırlanır.

“Poliqon” “Ukrainskaya pravda” nəşrinə istinadən xəbər verir ki, “Boqdana-B” haubitsasının lafetinin görünüşünün necə olacağı hələlik məlum deyil.

İstehsalı asanlaşdırmaq üçün ukraynalı konstruktorlar 2S22 “Boqdana” özüyeriyən haubitsasının artilleriya hissəsini sovet artilleriya sisteminin lafetində quraşdırmaq niyyətindədirlər. Perspektivli silah üçün prototip rolunu oynayan haubitsa növü konkret göstərilmir. Bununla belə, belə adaptasiya üçün 152 mm-lik 2A65 “Msta-B”, 2A36 “Giasint-B” və D-20 artilleriya sistemləri uyğun gəlir. Bu sistemlərin eyni çaplı olmasına baxmayaraq, onların arasındakı əsas fərq lüləsinin uzunluğunda, həmçinin yüklənmə və sursat növünün atəş enerjisi üçün nəzərdə tutulmuş lafetin konstruksiyasındadır.

Qeyd edek ki, lafet haubitsanın artilleriya hissəsi üçün platformadır, onun üzərində yataq, lülə, çaxmaq, təpmə əleyhinə qurğular və digər mexanizmlər quraşdırılır. O, atışın enerjisinə tab gətirir və bütün konstruksiyanın düzgün daşınmasını təmin edir.

Nəşr bildirir ki, perspektivli “Boqdana-B” yedəyə alınan haubitsasınln mövcud artilleriya hissəsi üçün ən praktik seçim 52 çap uzunluğunda lülənin və xəzinənin çəkisinə və təpmə enerjisinə mütənasib uyğunlaşdırılmış 2A36 “Giasint-B” topunun şassisi olmalıdır.

Lakin ola bilsin ki, “Boqdana” haubitsasının lüləsi 2000 mm qısaldılaraq 39 çapa qədər yığcamlaşdırsın və 2A65 “Msta-B” haubitsasının daha yüngül lafetinə quraşdırılsın. Belə bir konfiqurasiya, tapşırıqların əhatə dairəsi cəbhə boyu daha qısa məsafə ilə məhdudlaşan briqada artilleriya qrupları tərəfindən istifadə üçün uyğun olardı.

Nəşrdə həmçinin, köhnə Sovet istehsalı 130 mm-lik M-46 toplarını Serbiyanın “Yugoimport SDPR” şirkəti “M-46/84” və Hindistanın “Gun Carriage Factory” şirkətinin “Sharang” artilleriya sistemlərində tətbiq edilən yeni çaplıya çevirməyin bir qədər ekzotik variantı da qeyd olunur. Hər iki modernləşdirmə mövcud M-46 topunun lafetində 45 çap uzunluğunda 155 mm-lik lüləli yeni artilleriya hissəsinin quraşdırılmasını nəzərdə tutur. Bu modifikasiya atış məsafəsini 39 km-ə qədər artırmağa imkan verir.

Əlavə olaraq qeyd edilib ki, “Boqdana” haubitsasının yedəyə alınan versiyasının istehsalı təşəbbüsünün mənbəyi hərbçilər olub. Belə ki, onlar tamhüquqlu döyüş maşınından daha asan idarə olunan və daha az nəzərə çarpan sistem axtarırdılar.

Eyni zamanda, özüyeriyən versiyasının buraxılması ilə paralel olaraq “Boqdana-B” haubitsasının istehsalının perspektivləri, görünür, 155 çaplı artilleriya lülələrinin getdikcə daha böyük istehsal həcmi ilə dəstəklənir. Hazırda Ukrayna müdafiə sənayesi ayda 10-dan çox maşın həcmində bir neçə şassidə ÖAQ istehsal edir.

Xatırladaq ki, ukraynalı konstruktorların yedəyə alınan haubitsa üzərində işi ilk dəfə ötən ilin noyabrında məlum olsa da, sonradan layihənin konkret təfərrüatları açıqlanmamışdır.

Bildirək ki, Ukraynanın 155 mm çaplı 2S22 “Boqdana” ÖAQ-ı, Ukrayna Müdafiə Nazirliyi və “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nun birgə qərarı əsasında 2016-cı ilin fevral ayından etibarən Dövlət müdafiə sifarişinin sınaq-konstruktor işləri çərçivəsində hazırlanır.

2S22 “Boqdana” ÖAQ NATO standartlarına uyğun olaraq 155 mm çapındadır. ÖAQ adi atəş yığımı ilə 40 km-ə qədər və aktiv-reaktiv atəş yığımı ilə 60 km-ə qədər məsafəyə atəşi təmin edir.

Haubitsa, 6×6 təkər formullu KrAZ-63221 şassisinə quraşdırılıb və döyüş vasitəsinə xidmət edən heyəti yerləşdirmək üçün qoşa zirehli kabinaya malikdir. Proqressiv yivli 155 mm-lik haubitsanın lüləsi “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nda istehsal edilir.

2S22 “Boqdana” ÖAQ, eyni zamanda, rəqəmsal atəşi idarəetmə sistemi və doldurma avtomatı ilə təchiz olunub. Bu da öz növbəsində mobilliyi, sürətli olmanı və düşmənin əks atəşinə məruz qalmamağı təmin edir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS