Dünya ölkələrinin müdafiə xərcləri 2 trilyon ABŞ dollarına çatır

Dünya ölkələrinin müdafiə xərcləri 2 trilyon ABŞ dollarına çatır

26 aprel tarixində Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2020-ci il üzrə qlobal müdafiə xərclərini göstərən hesabatı yayımlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə SIPRI məlumat yayıb.

Analitiklərə görə, keçən il bütün ölkələrin ümumi müdafiə xərcləri 1981 milyard dollar təşkil edib ki, bu da 2019-cu ildə xərclənən maliyyə vəsaitindən 2,6% çoxdur. Bu artım, COVID-19 pandemiyasının iqtisadi nəticələri səbəbindən qlobal ÜDM-də 4,4% azalma fonunda çox əhəmiyyətlidir. Ümumilikdə, müdafiə xərcləri 2019-cu ildəki 2,2%-dən 2020-ci ildə ÜDM-in 2,4%-ni təşkil edib.

2020-ci ildə dünyanın ən böyük hərbi xərcləri olan beş ölkəyə qlobal hərbi xərclərin 62%-ni təşkil edən ABŞ, Çin, Hindistan, Rusiya və İngiltərə daxil olub. İllik hərbi xərcləri ən yüksək olan ölkə ABŞ olaraq qalır – 2020-ci ildə bu rəqəm 4,4% artaraq 778 milyard ABŞ dollarına çatıb (yəni, qlobal müdafiə xərclərinin 39%-i).

2020-ci ildə Çinin hərbi xərcləri 2019-cu illə müqayisədə 1,9% artaraq 252 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Çinin müdafiə xərcləri ardıcıl 26 ildir böyüyür və bu, SIPRI hərbi xərclər bazasının məlumatına görə bütün ölkələr arasında ən uzun dövrü əhatə edən böyümədir.

SIPRI hesabatına görə, hərbi xərclər sıralamasının ilk beşliyini Hindistan 72.9, Rusiya 61.7, İngiltərə 59.2 milyard ABŞ dolları almaqla tamamlayır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS