ABŞ Ukraynaya əlavə 5 min ədəd “Javelin” tank əleyhinə raket təhvil verəcək

ABŞ Ukraynaya əlavə 5 min ədəd “Javelin” tank əleyhinə raket təhvil verəcək

ABŞ Ukraynaya “Javelin” tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) üçün əlavə olaraq 5.000 ədəd tank əleyhinə raket verəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi brifinqdə məlumat verib.

Pentaqonun sözçüsü bildirib ki, “Javelin” raketləri Rusiya təcavüzünə qarşı mübarizə məqsədi ilə Ukraynaya hərbi yardım çərçivəsində veriləcək və məmulatlar mayın 6-na qədər Ukraynaya çatdırılacaq.

“Javelin” TƏİRK ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal edilən üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. O, 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlı qüvvələrinin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.

FGM-148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.

Kompleks zirehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS