ABŞ-də yeni XQ-67A PUA-nın ilk uçuşu baş tutub

ABŞ-də yeni XQ-67A PUA-nın ilk uçuşu baş tutub

ABŞ-nin “General Atomics Aeronautical Systems, Inc.” (GA-ASI) şirkətinin XQ-67A reaktiv pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib.

“Poliqon” GA-ASI-yə istinadən xəbər verir ki, PUA ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Tədqiqat Laboratoriyası (Air Force Research Laboratory – AFRL) tərəfindən maliyyələşdirilən OBSS (Off-Board Sensing Station) proqramı çərçivəsində hazırlanıb.

XQ-67A PUA-nın konsepsiyası ABŞ HHQ-nin başqa bir proqramı – Low-Cost Attritable Aircraft Platform Sharing (LCAAPS) çərçivəsində, başqa bir oxşar PUA – XQ-58A yaradılarkən işlənib hazırlanmışdır. Bu iki proqramın məqsədi böyük modernləşmə potensialına malik nisbətən ucuz PUA-ların yaradılmasıdır ki, bunun əsasında zərbə, kəşfiyyat və digər tipli pilotsuz uçuş aparatları hazırlamaq mümkün olacaq. LCAAPS çərçivəsində AFRL və GA-ASI, bir neçə “növ” uçuş aparatının yaradıla biləcəyi təməl əsas arxitektura kimi “nəsil” adlanan şassinin inkişafını araşdırır.

PUA-nın texniki xüsusiyyətləri açıqlanmır. Onun fotolarından belə nəticəyə gəlmək olar ki, o, geniş açılmış V formalı quyruğu, üç dayaqlı eniş şassisi və üstündə yerləşdirilmiş trapesoidal hava girişi olan orta planerdir.

Xatırladaq ki, daha əvvəllər XQ-58A “Valkyrie” PUA dron atışları yerinə yetirilməklə sınaqdan keçirilib (daha ətraflı: Pilotsuz uçuş aparatı “dron atır”). Bununla yanaşı, XQ-58A PUA-nın müxtəlif kəşfiyyat, müşahidə və ərazi kəşfi (ISR) tapşırıqlarınl dəstəkləmək qabiliyyətinin qiymətləndirilməsini əhatə edən altı sınaq uçuşu həyata keçirməlidir. Eyni zamanda PUA-nın döyüş hava patrulunu gücləndirmək üçün süni intellektdən istifadə etmək potensialı da sınaqdan keçiriləcək.

Bundan əvvəl, keçən ilin sentyabr ayında X-58A PUA-sına süni intellekt alqoritmlərinin inteqrasiya olunduğu bildirilmişdi. Alqoritmlər idarəetməyə kömək edən, düşmənləri “yaradan” və silahları simulyasiya edən neyron şəbəkələri ilə qarşılıqlı əlaqədə işləyirdi. XQ-67A PUA-nın eyni texnoloji perspektivlərə malik olduğunu güman etmək olar.

XQ-67A yüksək hündürlükdə və uzun mənzilli tapşırıqlar üçün təyin edilmiş az gözə çarpan PUA-dır. O, delta (üçbucaq) qanad quruluşuna, tək mühərrikə və avadanlıq və ya silahları yerləşdirmək üçün daxili bölmələrə malikdir. PUA həmçinin radar, elektro-optik/infraqırmızı və radioelektron sistemləri də daxil olmaqla müxtəlif hədəf aşkaretmə vasitələri ilə təchiz olunub.

Ümumilikdə, yeni PUA xarici görünüşünə görə “General Atomics” konserninin məşhur MQ-20 “Avenger” hücum PUA-sına və “Boeing” konserninin MQ-25 “Stingray” pilotsuz yanacaqdoldurma təyyarəsinə bənzəyir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS