ABŞ Estoniyaya M142 HIMARS raket sistemlərinin satışını təsdiqləyib

ABŞ Estoniyaya M142 HIMARS raket sistemlərinin satışını təsdiqləyib

Mənbə: Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin mətbuat xidməti

ABŞ Dövlət Departamenti Estoniyaya M142 HIMARS yüksək mobil artilleriya raket sistemlərinin (High Mobility Artillery Rocket System) mümkün satışı ilə bağlı qərarı təsdiqləyib.

“Poliqon” ABŞ Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin  (Defense Security Cooperation Agency – DSCA) mətbuat xidmətinə istinadən xəbər verir ki, Agentlik potensial satış barədə Konqresə məlumat verərək tələb olunan sertifikatı təqdim edib.

Bildirilib ki, özüyeriyən buraxma qurğularından əlavə, müvafiq avadanlıq, ehtiyat hissələri, texniki dəstək və döyüş sursatlarının da satışı razılaşdırılıb.

Estoniya üçün təsdiqlənmiş mümkün xarici hərbi satışın ümumi dəyəri 500 milyon ABŞ dollarına qədərdir.

Estoniya M142 HIMARS buraxma qurğuları ilə birlikdə M30A2 GMLRS (Guided Multiple Launch Rocket System) raketli 36 blok, M31A2 GMLRS raketli 36 blok, XM403 Extended Range GMLRS (ER GMLRS) raketli 36 blok, həmçinin XM404 ER GMLRS raketli 36 blok da ala bilər. Həmçinin satışa M28A2 azaldılmış mənzilli kiçik təlim raketi (LCRRPR) raketləri də daxildir

Bunlardan başqa, Estoniyanın HIMARS kompleksinin arsenalına 18 ədəd M57 ATACMS operativ-taktiki ballistik raket də daxil ola bilər.

Məlumatda satışın ABŞ-ın xarici siyasətinin və milli təhlükəsizliyinin gücləndirilməsinə, NATO müttəfiqinin Avropadakı təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

Estoniya Silahlı Qüvvələrini modernləşdirmək və ölkənin müdafiəsini gücləndirmək, həmçinin regional təhlükələrin qarşısını almaq üçün imkanlarını genişləndirmək üçün ABŞ-ın müasir silahlarından istifadə etmək niyyətindədir. Bununla əlaqədar olaraq Estoniya hökuməti daha əvvəl ABŞ-a 6 ədədə qədər M142 HIMARS buraxma qurğusunun alınması üçün müraciət etmişdi.

Mümkün sazişin gələcəkdə həyata keçirilməsi üçün əsas podratçı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.

M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur. O, 6 ədəd MLRS (M270 Multiple Launch Rocket System) tipli reaktiv mərminin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 km-dir.

Buraxma qurğusu heyət komandiri, operator və sürücü olmaqla 3 nəfərdən ibarətdir.

Xatırladaq ki, bu ilin əvvəlində Estoniya İsrail istehsalı olan “Spike SR” (short range, 50-1500 metr qısa atış mənzilli) tank əleyhinə kompleksləri üçün 500 ədəddən çox raket alıb. Bu sifariş Estoniya Ordusuna 7 il ərzində 18 buraxma qurğusunun tədarükü üçün 2019-cu ildə imzalanmış 40 milyon avroluq müqavilənin bir hissəsidir və buraxma qurğuları artıq 2020-ci ildə tədarük edilib.

HIMARS buraxma qurgusu

HIMARS buraxma qurğusu

HIMARS buraxma qurgusundan ATACMS raketinin

HIMARS buraxma qurğusundan ATACMS raketinin buraxılışı

HIMARS buraxma qurgusunun doldurulma prosesi

HIMARS buraxma qurğusunun doldurulma prosesi

Estoniya Silahli Quvvələrinin Spike SR tank əleyhinə raket kompleksi

Estoniya Silahlı Qüvvələrinin “Spike-SR” tank əleyhinə raket kompleksi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS