ABŞ-ın “Javelin” kompleksinin Çin analoqu

Dünya tank əleyhinə silah bazarında “oyun qaydaları” dəyişməkdə davam edir. Belə ki, Çin Xalq Azadlıq Ordusu, ABŞ-ın “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) Çin analoqu olan HJ-12 (Hong Jian-12 – Qırmızı ox-12) kompleksini alıb.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, Çinin “NORİNCO” şirkətinin istehsalı kompleksin ilk partiyasını Tibetdə cəmlənmiş və Hindistan tank qoşunlarının mümkün hücumunu dayandırmaq vəzifəsi daşıyan birləşmələrə çatdırılıb.
Çinin HJ-12 TƏİRK əsas xüsusiyyəti, ABŞ-ın “Javelin” kompleksindən guya daha yaxşı texniki xüsusiyyətlərə sahib olduğu bildirilən inkişaf etdirilmiş infraqırmızı özütuşlama başlığıdır. Kompleksdə “atdın – unutdun” prinsipi ilə atəş etmək variantı da nəzərdə tutulub.
135 mm çaplı HJ-12 raketinin atış məsafəsi, bəzi məlumatlara görə gündüz 3500-4000 metrə, gecə isə 2000 metrə çatır. Tandem döyüş başlıqlı raket 1100 millimetr qalınlığa qədər zirehi dələ, fuqas döyüş başlıqlı raket isə bunkerləri, istehkamları və digər düşmən obyektlərini məhv edə bilir.
Çinin müəyyən miqdarda HJ-12 TƏİRK satdığı, alıcı ölkə və anlaşma məbləğinin bilinməməsi iddia olunur. Bəzi qeyri-rəsmi məlumatlara görə, HJ-12 TƏİRK-nin ilk alıcısı Əlcəzair olub.
Beləliklə növbəti növbəti tendensiya ortaya çıxır: Çin artıq üçüncü nəsil tank əleyhinə sistemlər istehsal və tədarük edən ölkələrin klubuna qoşulub.
Xatırladaq ki, İran da öz növbəsində İsrailin “Spike” TƏİRK-in müəyyən texnoloji həllərindən istifadə etməklə yaratdığı “Almaz” üçüncü nəsil TƏİRK istehsalını qurmuşdur.
Bütün sadalananların hamısı isə dünya tank əleyhinə silah bazarında “oyun qaydaları”nın yavaş-yavaş dəyişməsi, “oyunçular” sırasına yeni istehsalçıların daxil olması deməkdir.
Əhəd Əzizov
Poliqon.az




