ABŞ ordusu TOW komplekslərini dəyişdirməyi planlaşdırır

Hərbiçilər tərəfindən qoyulmuş tələblərə əsasən, perspektiv tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) hədəfləri 100 metrdən 10 kilometrə qədər məsafədə məhv etməlidir. Əlavə olaraq isə ABŞ hərbiçiləri “Javelin” TƏİRK-in edə bilmədiyini – uçuş müddətində raketin yenidən tuşlama imkanının olmasını istəyirlər.
“Poliqon” “ArmyTimes” portalına istinadən bildirir ki, ABŞ Ordusu, döyüş birliklərində TOW tank əleyhinə raketi əvəz etmək üçün lazım olan yeni tank əleyhinə idarə olunan raketin texniki tələblərini hazırlayıb.
Bu tələbləri nəzərə aldıqda, indiki ən yeni “Javelin” və “Spike” TƏİRK-lərinin artıq ABŞ ordusuna uyğun olmadığı qənaətinə gəlmək mümkündür.
Tələblər sırasında xüsusilə ABŞ Ordusu üçün son TƏİRK-in maksimal atəş məsafəsinin 10 kilometrə qədər, minimal atəş məsafəsinin 100 metr olması nəzərə çarpandır. Yeni TƏİRK həm mövcud “Bradley” piyadanın döyüş maşınına, həm “Stryker” zirehli transportyorlarına, həm də onların “davamçılarına” asan inteqrasiya olunmalı və “hərəkətdə atış” imkanını təmin etməlidir.
Mahiyyətcə yeni TƏİRK-in hədəfə tuşlanması universal olmalıdır. ABŞ ordusu raketin idarəetməsinin həm optoelektron kanalla, həm lazer şüası ilə, həm “atdın-unutdun” prinsipi ilə, həm də pilotsuz uçuş aparatlarından (PUA) məlumat almaqla olmasını tələb edir.
Həmçinin bu raketləri “sürü” şəklində buraxmaq, yəni onlar eyni anda bir neçə maşından atıla və hər bir raket uçuş zamanı məhv etməkdən ötrü daha prioritetli hədəfi seçə bilməlidir.
Eyni zamanda ABŞ Ordusu üçün nəzərdə tutulan perspektiv TƏİRK həm düşmənin zirehli texnikalarını, həm də mövqelərini və istehkamlarını məhv etməlidir.
Nəzəri şəkildə, bu cür yüksək tələblərə ən yaxın məmulat olaraq İsrailin “Rafael” şirkətinin “Spike SR” TƏİRK-i cavab verir. Yuxarıda qeyd edilən tələblərə uyğunluğu yoxlamaq məqsədi ilə ABŞ ordusu cari ilin yanvar ayının əvvəlində sistemin sınaq atışlarını keçirib.
Qeyd etmək yerinə düşər ki, “Spike SR”, termal və televiziya başlıqlarına əsaslanan üç idarəetmə sisteminə malikdir: “atdın-unutdun”, “atdın-tənzimlədin” və “atdın-gördün-vurdun”. Yəni, operator buraxılış zamanı hədəfi dərhal seçə bilər və ya vurulacaq hədəfi raketi buraxdıqdan sonra uçuş zamanı seçə bilər. Bir çox tələblərə qismən uyğun gəlməsinə baxmayaraq, “Spike SR” TƏİRK-in atəş məsafəsinin iki kilometrə qədər olması qoyulmuş tələblərə uyğun gəlmir.
Onun rəqibi “Javelin” TƏİRK-in atəş məsafəsi 500 metr daha uzundur, ancaq yalnız bir “atdın-unutdun” idarəetmə rejimi var.
Tank əleyhinə idarə olunan raketlərin (TƏİR) PUA məlumatlarına əsasən tuşlanmasını isə, ehtimal etmək olar ki, ABŞ Ordusu fransalı həmkarlarına baxaraq tələb kimi qoymuşlar. Belə ki, 2021-ci ilin yanvar ayının sonunda “MBDA” şirkəti Canjuers ordu poliqonunda MMR (Missile moyenne portée) orta məsafəli tank əleyhinə raket kompleksinin piyada” konfiqurasiyasının və “Novadem NX70” mikro-PUA-nın cəlb edildiyi sınaq atışları keçirib. Bu isə öz növbəsində TƏİRK və PUA-ların “cütləşdirilməsi” ilə bağlı indiyə qədər məlum olan yeganə təcrübədir.
Əhəd Əzizov




