ABŞ Rusiya qüvvələrini izləməyə davam edir
ABŞ-ın RQ-4 “Global Hawk” pilotsuz uçuş aparatı (PUA) Qara dəniz üzərində Ukraynanın Krım bölgəsinə yaxın ərazilərdə kəşfiyyat uçuşları keçirib.
“Poliqon”un “Defence Express”ə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Kəşfiyyat PUA-ları, Rusiyanın Ukraynanın Krım bölgəsi yaxınlığındakı uçuşlara məhdudiyyət qoymaq cəhdlərinə baxmayaraq, Rusiya ordusunu izləməyə davam edir.
Bunu, aprelin 21-də səhər saatlarında Qara dəniz üzərində uçan “FORTE-10” çağırış işarəsi olan RQ-4 “Global Hawk” PUA-dan alınan məlumatlar sübut edir.
Xatırladaq ki, dünən Rusiya Federasiyası heç bir açıqlama vermədən Qara dəniz akvatoriyasında fəaliyyət göstərən uçuşlarda aprelin 20-dən 24-dək məhdudiyyət qoyulan zonaların koordinatlarını yayımlayıb. Bu ərazilərə yarımadanın qərbində və Rusiya ordusunun bölmələrinin cəmləşdiyi “Opuk” poliqonunun qarşı tərəfindəki su sahəsi daxildir.
Qeyd etmək lazımdır ki, sintez olunmuş aperturalı radarla (SAR) təchiz olunmuş RQ-4 “Global Hawk” PUA-nın kəşfiyyat qabiliyyəti düşməni hər cür hava şəraitində əməliyyat dərinliyində aşkar etməyə imkan verir. Bundan başqa, PUA həssas optik və infraqırmızı sensorlarla təchiz edilib.
Əhəd Əzizov






