QuruXəbərlər

ABŞ THAAD raketlərinin istehsalını artırmaq üçün 35 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ hökuməti THAAD (Terminal High Altitude Area Defense) tutucu raketlərinin istehsalını dörd dəfə artırmaq məqsədilə “Lockheed Martin” şirkəti ilə dəyəri 35 milyard dollara qədər olan yeddi illik müqavilə imzalayıb.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, yeni müqavilə THAAD sistemlərinin istehsal gücünün artırılmasına, ABŞ müdafiə sənayesinin imkanlarının genişləndirilməsinə və müttəfiq ölkələr üçün raketdən müdafiə qabiliyyətlərinin sürətlə gücləndirilməsinə yönəlib.

Bundan əlavə, “Lockheed Martin” şirkəti 2030-cu ilə qədər istehsalın genişləndirilməsi məqsədilə 9 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır. Bu çərçivədə şirkət ABŞ-da 20-dən artıq yeni və ya modernləşdirilmiş istehsal müəssisəsi yaradıb. Son dövrdə Alabama ştatında yeni sursat istehsalı mərkəzinin təməli qoyulub, həmçinin yeni nəsil tutucu raket və sursat istehsalı obyektləri istifadəyə verilib.

Qeyd edək ki, THAAD atmosfer daxilində və atmosferdən kənarda ballistik raketləri məhv etmək qabiliyyətinə malik raketdən müdafiə sistemidir. O, strateji obyektlərin, hərbi bazaların və qüvvələrin müdafiəsində mühüm rol oynayır.

Back to top button