SərgilərXəbərlər

ADEX-də yeni rekord: sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

Müdafiə sənayesi sahəsinin ən mötəbər beynəlxalq tədbiri, Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından olan ADEX – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin ADEX-i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür.

Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.

ADEX Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Azərbaycanın milli brendi olan ADEX tarixində ilk dəfə olaraq bu il Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Sərgi üçün rekord hesab edilən bu mühüm yenilik ADEX-in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Beşinci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, ADEX-in ildən-ilə artan nüfuzunun, beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin və ona göstərilən böyük marağın əyani ifadəsidir.

Yeni ölkələrin və dünyanın tanınmış müdafiə sənayesi şirkətlərinin sərgiyə qoşulması, ənənəvi iştirakçıların isə ADEX-də təmsilçiliklərini davam etdirməsi sərginin miqyasındakı rekord genişlənməni şərtləndirən əsas amillərdir.

İndiyədək dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin ADEX-2026-da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur. Bu il ABŞ-nin ADEX-2026-da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin SIG SAUER və “Lockheed Martin” kimi nüfuzlu şirkətləri ADEX-də debüt edəcək. Böyük Britaniya və Almaniya ilk dəfə olaraq ADEX-2026-nın iştirakçı ölkələri sırasına qoşulacaq. Almaniyanı sərgidə nüfuzlu “Rheinmetall” şirkəti təmsil edəcək. Bütün bunlar ADEX-in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir.

Türkiyədən ADEX 2026-nın Baş sponsoru qismində çıxış edən ROKETSAN, həmçinin ASELSAN, BAYKAR, TUSAŞ və HAVELSAN, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan INDRA ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.

Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr ADEX-2026-da milli qruplar şəklində iştirak edəcəklər. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.

Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı ADEX-2026-da beynəlxalq auditoriyaya geniş şəkildə təqdim olunacaq. Belə ki, ADEX-2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq milli ekspozisiyaya ayrılmasıdır. Pavilyonda Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlər yer alacaq. Milli pavilyonda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”), “Rynex Solutions” MMC, “Synapline Technologies”, “Vektor DS”, “Miras Military Industrial Company” LLC, ITX MOTORS, Milli Müdafiə Universiteti, “RD Smart” ASC, “Az-Tex-Import” LLC, “AZEL Systems” və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi təmsil olunacaq.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunacaq. Burada mövcud istehsal və texnoloji imkanlar, eləcə də ən son yeniliklər nümayiş etdiriləcək. Azərbaycan Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək.

ADEX sərgisinə artan beynəlxalq maraq yalnız iştirakçı şirkətlərin sayında deyil, rəsmi nümayəndə heyətlərinin iştirakında da özünü göstərir. İndiyədək 26 ölkədən 32 rəsmi nümayəndə heyəti sərgidə iştirakını artıq təsdiqləyib. Müxtəlif ölkələri təmsil edən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı sərgi çərçivəsində ikitərəfli görüşlərin keçirilməsinə, müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsinə və yeni əlaqələrin qurulmasına şərait yaradacaq.

ADEX-2026-nın ekspozisiyası müdafiə sənayesinin müxtəlif istiqamətlərini əhatə edəcək. Sərgidə aviasiya və pilotsuz sistemlər, radioelektron mübarizə vasitələri, C4ISR texnologiyaları, müasir silah-sursat və hərbi texnika nümunələri nümayiş etdiriləcək.

Bu istiqamətlərin eyni sərgi məkanında təqdim olunması ADEX-in yalnız ayrı-ayrı məhsulların nümayişi ilə məhdudlaşmadığını göstərir. Sərgi müasir müdafiə sənayesinin müxtəlif texnoloji sahələrini bir araya gətirən geniş ekspozisiya formalaşdırır.

ADEX-2026 ilə paralel olaraq Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – “Securex Caspian” keçiriləcək.

“Securex Caspian” Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunur.

Bu il miqyası əvvəlki illərlə müqayisədə daha da genişlənən “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzində olacaq. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdiriləcək.

ADEX və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirəcək. Nəticədə müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunacaq.

ADEX-2026 və “Securex Caspian 2026”nın proqramı yalnız ekspozisiyadan ibarət olmayacaq. Sərgilərdə iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim ediləcək.

Proqram çərçivəsində strateji, akademik, innovasiya, texnologiya, təlim və digər sessiyalar, həmçinin müxtəlif tədbirlər keçiriləcək. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradacaq.

İşgüzar proqramın əsas elementlərindən biri “Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” adlı startap layihəsinin təqdimatı olacaq. Layihənin proqrama daxil edilməsi ADEX-in innovativ təşəbbüslərə və perspektiv texnoloji həllərə dəstək ənənəsinə sadiq qaldığını göstərir.

ADEX-2026 çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyacaq. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradacaq.

Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, ADEX-2026-ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin tələbələri üçün açıq olacaq. Kommersiya strukturlarında çalışan şəxslər yalnız 2 oktyabr tarixində şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə biləcəklər.

Beləliklə, Azərbaycanın milli brendi ADEX-2026 artan nüfuzu, ilk dəfə açılacaq 5-ci pavilyonu, genişlənən beynəlxalq coğrafiyası və dünyanın aparıcı müdafiə sənayesi şirkətlərinin iştirakı ilə öz tarixinin ən irimiqyaslı tədbirlərindən biri olmağa hazırlaşır. Bu mötəbər platforma Bakını növbəti dəfə beynəlxalq hərbi-texniki əməkdaşlığın əsas görüş məkanlarından birinə çevirəcək və Azərbaycanın milli brendi kimi qlobal nüfuzunu daha da möhkəmləndirəcək.

Back to top button