AK-12 – rusların tərifli yeni silahı

Rusiyanın “İjmaş” konserni “Kalaşnikov” avtomatları seriyasından “beşinci nəsil” avtomat tüfəngi – AK-12-nin nümunələrinin test və nümayişlərinə başlayıb. Rəsmi məlumatlara görə, silahın dövlət sınaqlarının 2013-cü ilin əvvəllərinədək yekunlaşdırılması nəzərdə tutulur. Avtomatın baş konstruktoru Vladimir Zlobin bildirib ki, başlanğıcda silah Rusiya silahlı qüvvələri və xüsusi təyinatlılar üçün nəzərdə tutulur.

Bəs Rusiya rəsmilərinin gecə-gündüz təriflədiyi AK-12-nin eyni nəsildən olan “sələflərindən” fərqi nədir? “AzeriDefence” AK-12 ilə bağlı Rusiya hərbi saytlarından əldə etdiyi məlumatları təqdim edir.
AK-12-nin texniki göstəriciləri ilə bağlı rəsmi məlumat: uzunluğu 945.725 mm, o cümlədən, lüləsinin uzunluğu 415 mm, çəkisi boş halda 3.3 kq, atış tempi dəqiqədə 600/1000 atəşdir.

“İjmaş” rəsmiləri Rusiya hərbi saytlarına verdikləri müsahibədə silahı belə təsvir edirlər: “AK-12 “Kalaşnikov” avtomatlarının bütün ən yaxşı xarakteriskalarını özündə cəmləşdirir. Eyni zamanda konstruksiyasının sadəliyi, etibarlılığı, aşağı maya dəyəri bu silahı fərqləndirən xüsusiyyətlərdəndir. Müəssisənin konstruktorları avtomatın bəzi parametrlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı bacarıblar”.

Silahı vizual olaraq test edən mütəxəssislərin sözlərinə görə, hər şeydən əvvəl yeni avtomat modulyar konstruksiyası ilə anoloqlarından fərqlənir. AK-12-nin digər özəlliyi onun bir əllə istifadə oluna bilməsidir. Silahı tək əllə qoruyucudan çıxartmaq və atışın rejimini dəyişdirmək olur. Avtomata nişangah, qumbaraatan, fənər və s.yerləşdirmək üçün Pikatinni plankalarından istifadə edilib. AK-12 nizamlana bilən, eyni zamanda bükülən teleskopik qundağa malikdir. Silahı solaxaylar da maneəsiz istifadə edə biləcəklər.

AK-12-də atış üçün 3 rejim müəyyənləşdirilib: tək atəşlər, üç atəş və avtomatik atəş.

Mütəxəssislərin fikrincə, AK-12-ni digər “Kalaşnikov” ailəsindən olan digər rus silahlarndan fərqaləndirən xüsusiyyət yaxşı erqonomikası, gövdə və lüləsinin keyfiyyətli olması, sistemin daha yumşaq işləməsi, lüləüstü və lüləaltı silahların və digər avadanlıqların rahat inteqrasiya oluna bilməsidir. Döyüşçü yaralandığı halda və ya əlində nə isə olduqda silahdan rahat şəkildə istifadə edə biləcək.

AK-12 avtomatı anoloqlarından fərqli olaraq rahat qoruyucu ilə təchiz edilib. Hansı ki, atıcı üçün ən optimal yerdə – tətik çəkən əlin böyük barmağının altında yerləşir. Bu da döyüş vaxtı əməliyyatı daha asan həyata keçirməyə icazə verir.

AK-12 avtomatı lülə qutusu qapağının daha sərt olması ilə də fərqlənir. Sökmə zamanı lülə qutusunun qapağı yuxarı açılır. Qapaq ayrıca mexanizm vasitəsi ilə möhkəmləndirilir. Teleskopik qundaq isə hündürlük və uzunluğunun tənzimlənə bilməsi ilə yanaşı silahın geri təpməsini də minimallaşdırır.

Konstruktor V. Zlobinin sözlərinə görə, AK-12 ümumilikdə özündə AK-74, AK-74M, AKM-in əsas xüsusiyyətlərini cəmləşdirir. Silahın əsas kalibri 5,45×39 mm-dir. Ancaq istehsalçı silahın 5,45×39, 5,56×45 və 6,5 Grendel, 7,62×39 və 7,62×51 çaplı patronlardan atəş aça bilən modelləri istehsal etməyi düşünür. Yeni avtomatın darağı da bir neçə formada olacaq: klassik 30 patron tutan daraq; artırılmış tutumlu – 60 patronlu daraq və 95 patron tutan baraban tipli daraq olacaq.

Yaxın gələcəkdə, bu silahın əsasında atıcı silahın müxtəlif kalibrli təxminən 20 modifikasiyasının (mülki və hərbi təyinatlı) yaradılması nəzərdə tutulur. Bundan başqa AK-12 atışın dəqiqliyi ilə anoloqlarından əhəmiyyətli dərəcədə fərqlənir.

CATEGORIES