Almaniya Ukraynaya APKWS mobil raket buraxma qurğuları tədarük edib

Almaniya Ukraynaya APKWS mobil raket buraxma qurğuları tədarük edib

Almaniya Ukrayna Silahlı Qüvvələrinə 20 ədəd APKWS mobil raket buraxma qurğusu tədarük edib.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi saytında “Almaniyanın Ukraynaya hərbi yardımının yenilənmiş siyahısı”nda bildirilib. Raket kompleksinin buraxma qurğuları pikap tipli avtomobillərə yerləşdirilib.

Qeyd edək ki, APKWS (Advanced Precision Kill Weapon System) məmulatı ABŞ-ın “BAE Systems” şirkətinin layihəsidir. Raketin inteqrasiya olunmuş yarıaktiv lazer tuşlama sistemi sayəsində istehsalçılar 70 mm-lik “Hydra 70” idarə olunmayan aviasiya mərmisini ucuz, lakin güclü, yüksək dəqiqlikli raket silahına çevirməyə nail olublar. Bu ad ümumiyyətlə belə sistemlə təchiz edilmiş “Hydra 70” raketləri üçün də istifadə olunur. APKWS raketi nisbətən aşağı gücə malikdir və kənar təsirlərin qarşısını almaq üçün çox uyğundur.

Bu həllər əsasında inteqratoru ABŞ-ın “L3Harris Technologies” şirkəti olan VAMPIRE (Vehicle-Agnostic Modular Paletized ISR Rocket Equipment) kompleksi yaradılıb. VAMPIRE müxtəlif nəqliyyat platformalarında, üsusilə, yüngül yüksək keçidlikli avtomobillərdə (SUV) yerləşdirilə bilər.

Xatırladaq ki, 2022-ci ilin noyabrında istehsalçı “General Dynamics” (ABŞ) şirkəti yeni HEAT/APAM döyüş başlığını sınaqdan keçirdiyini bildirib. Sınaqlar sübut edib ki, APKWS zirehli texnikanı, avadanlıqları və canlı qüvvəni məhv edə bilir.

Kompleksin raketləri hava hədəflərini də vura bilir ki, bu da onu qısa mənzilli hava hücumundan müdafiə (HHM) sisteminə çevirir. Ukraynanın Qərb tərəfdaşları Ukrayna HHM sisteminin İran istehsalı kamikadze dronlara qarşı mübarizəsi kontekstində VAMPIRE tədarüklərini şərh edib. Pentaqon avqustun 24-də hərbi yardım paketində Ukraynaya bu raket sistemlərinin verildiyini açıqlayıb.

Mümkün olduğu hallarda APKWS sistemində “Hydra 70” raketinin buraxma qurğuları, raket mühərrikləri, döyüş başlıqları və partladıcıları kimi mövcud komponentlərindən istifadə edilir. Bu silah “Hydra 70” və AGM-114 “Hellfire” sistemləri arasındakı boşluğu doldurur və yüngül zirehli nöqtə hədəflərini vurmaq üçün sərfəli üsul təqdim edir.

APKWS, 2.75″ (70 mm) lazerlə idarə olunan yarıaktiv raket üzrə ABŞ hökumətinin qeydiyyatdan keçmiş yeganə proqramıdır. O, “Hydra 70” idarə olunmayan aviasiya raketini gövdənin orta hissəsinə “BAE Systems” şirkəti tərəfindən hazırlanmış tuşlama bloku əlavə etməklə dəqiq idarə olunan sursata çevirir. APKWS həmçinin Belçikanın Herstal şəhərində yerləşən “Forges de Zeebrugge” (1 yanvar 2017-ci ildən: Thales Belgium) şirkətinin 70 mm (2.75″) idarə olunmayan raketi ilə döyüş atışlı təlimdə uğurla sınaqdan keçirilib və onu dəqiq idarə olunan sursata çevirib. Bu da texnologiyanın “Hydra 70” raketindən başqa raket tiplərində istifadə oluna biləcəyini nümayiş etdirib.

“BAE Systems”, “Northrop Grumman” və “General Dynamics” şirkətlərindən ibarət komanda “Lockheed Martin” və “Raytheon Systems” şirkətlərinin təkliflərini üstələyərək APKWS II müqaviləsi üçün tenderin qalibi olublar.

APKWS II paylanmış diafraqm yarıaktiv lazer özütuşlama texnologiyasından (Distributed Aperture Semi-Active Laser Seeker – DASALS) istifadə edir. Bu sistem lazer özütuşlama başlığını ön idarəetmə sükanlarının hər birinin qabaq kənarına yerləşdirməyə imkan verir. Başlıqlar bir özütuşlama başlığı kimi sinxron şəkildə işləyir. Bu konfiqurasiya mövcud “Hydra 70” döyüş başlıqlarından raketin uc hissəsinə lazer özütuşlama başlığı quraşdırmadan istifadə etməyə imkan verir.

APKWS II kompleksinə buraxma platforması, gövdənin orta hissəsində WGU-59/B tuşlams bloku ilə təchiz edilmiş raketlər, uzadılmış 7 borulu LAU-68 F/A raket qurğusu, SCS 7 nişangah işarəsi (döyüş helikopterləri üçün tələb olunmur), həmçinin müvafiq olaraq Fastpack PA-140 və CNU-711/E raketlərin və tuşlama dəstlərinin saxlanması üçün dəstlər daxildir. Gövdənin orta hissəsindəki WGU-59/B tuşlama bloku inertial idarəetmə sistemi və buraxılışdan 0,5 saniyə sonra işə düşən, “Hydra” raketinin uzunluğunu 47 sm-ə və çəkisini çəkisini 4,1 kq-a qədər artıran Mk 66 Mod 4 raket mühərriki, döyüş başlığı və qoruyucu arasında bərkidilən DASALS optik özütuşlama başlığı ilə təchiz edilib.

Raketin uçuş məsafəsi 1100-5000 metrdir. Mövcud “Hydra 70” raketinin mühərrikindən istifadə edildiyi üçün maksimal məsafə məhduddur, lakin nişangah 14 km-ə qədər məsafəni görə bildiyindən, daha güclü mühərrik dəqiqliyi qoruyaraq məsafəni artıra bilər. Hazırda Norveç-Finlandiya birgə “Nammo” (“Nordic Ammunition Company”) şirkəti mühərriki uçuş məsafəsini 12-15 km-ə qədər artıra bilən təkmilləşdirilmiş raket üzərində işləyir.

2021-ci ilin sonundan APKWS proqram təminatının yenilənməsi sayəsində daha dik hücum bucağı ilə hədəfləri vurmaq üçün optimallaşdırılmış uçuş trayektoriyası sayəsində uçuş məsafəsi 30% artırılıb, həmçinin eyni versiyada həm təyyarələrdə, həm də helikopterlərdə sertifikatlaşdırılıb.

2021-ci ilin iyun ayında BAE APKWS-ni pilotsuz aviasiya sistemlərinə əks-təsir (Counter-Unmanned Aircraft Systems – C-UAS) rolunda uğurla sınaqdan keçirilib. Sınaq zamanı APKWS raketi qeyri-kontakt (təmassız) partladıcı ilə təchiz edilmiş və 2-ci sinif pilotsuz uçuş aparatını (PUA) məhv etmişdir. Qeyri-kontakt (təmassız) partladıcılar digər üsullarla müqayisədə daha ucuz məsrəflə PUA-ların tutulmasına imkan verir və raketin lazer tuşlanması buraxılış zamanı aktivləşdirildiyi üçün buraxılışdan əvvəl hədəfin tutulmasına ehtiyac yoxdur.

Əsas taktiki-texniki xassələri:

  • uzunluğu – 1870 mm
  • diametri – 70 mm
  • qanad açıqlığı – 243 mm
  • çəkisi – 15 kq
  • uçuş sürəti – 1000 m/s (3600 km/s, 2,9 Mach)
  • uçuş mənzili – helikopterdən buraxılan zaman 1100-5000 m, təyyarədən buraxılan zaman 2000-11000 m
  • ehtimal olunan dairəvi sapması – <0,5 metr
  • tuşlaması – yarıaktiv lazer
  • mühərrik – “Hydra 70” raketinin mövcud mühərriki
  • döyüş başlığı – “Hydra 70” raketinin mövcud döyüş başlığlı

APKWS raketinin daşıyıcılarına aşağıdakılar aiddir:

1. Helikopterlər

  • mövcud – UH-1Y “Venom”, AH-1W “SuperCobra”, AH-1Z “Viper”, Bell 407GT, AH-64 “Apache”, “Eurocopter Tiger” və MH-60S/R “Seahawk”;
  • planlaşdırılan – MQ-8 “Fire Scout”, OH-58 “Kiowa”, V-22 “Osprey” və AH-6 “Little Bird”.

2. Təyyarələr

  • mövcud – AV-8B “Harrier II”, OV-10 “Bronco”, F-16 “Fighting Falcon” və A-10 “Thunderbolt II”;
  • planlaşdırılan – A-29 “Super Tucano”, FA-18 “Hornet” və CN-235.

3. Müxtəlif yerüstü nəqliyyat vasitələri.

324339496 834956287568878 8979272054639372758 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS