Almaniya Ukraynaya əlavə “SurveilSPIRE” kəşfiyyat sistemləri tədarük edəcək

Almaniya Ukraynaya əlavə “SurveilSPIRE” kəşfiyyat sistemləri tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə əlavə “SurveilSPIRE” avtomatlaşdırılmış kəşfiyyat sistemləri tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün şirkət Almaniya hökumətindən bir neçə milyon avro dəyərində sifariş alıb.

“SurveilSPIRE” sistemi az sayda heyət ilə geniş ərazilərdə kəşfiyyat fəaliyyətinin aparılması üçün hazırlanıb. Onun tərkibinə gecə və gündüz kameraları, avtonom mini kəşfiyyat dronları və nəzarət sisteminə sahib mobil müşahidə qüllələri daxildir.

3 nəfər şəxsi heyət tərəfindən cəld və sürətli formada ərazidə quraşdırılan “SurveilSPIRE”, nəqliyyat vasitələrinin yedəyinə alınaraq asanlıqla daşına bilər. Sistem enerjiyə olan ehtiyacını günəş panelləri vasitəsilə ödəyir ki, bu da ona əlavə güc mənbəyi olmadan istənilən bölgədə rahatlıqla çalışmağa imkan verir.

Qeyd edək ki, “SurveilSPIRE” avtomatlaşdırılmış kəşfiyyat sistemi ilk dəfə Estoniyanın “DefSecIntel” şirkəti tərəfindən hazırlanıb. Daha sonra “DefSecIntel” “Rheinmetall” ilə bu sistemin birgə inkişaf etdirilməsinə dair əməkdaşlıq etməyə başlayıb. Hazırda da “SurveilSPIRE” hər iki şirkət tərəfindən birlikdə istehsal olunur.

CATEGORIES
TAGS