Almaniyanın aviadesantlanan yeni GSD LuWa tanketkası

Almaniyanın aviadesantlanan yeni GSD LuWa tanketkası

Almaniya desantları gələcəkdə yeni tırtıllı tanketka ilə silahlana bilər. Almaniyanın IABG (Industrieanlagen-Betriebsgesellschaft mbH) şirkəti tərəfindən GSD LuWa adlı yeni yüngül tırtıllı zirehli maşını təqdim edilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Army Recognition” portalı məlumat verib.

Yeni zirehli maşınlar Almaniya Müdafiə Nazirliyinin sifarişi ilə Hava-Desant Qüvvələrindəki köhnəlmiş “Wiesel-1” aviadesantlanan tanketkasını əvəz etmək üçün hazırlanıb.

GSD LuWa zirehli maşınında şassisi olaraq ikitırtıllı müstəqil asqıdan istifadə olunur. Nümayiş modelinin üzərinə 25 mm və ya 30 mm-lik avtomatik topla silahlanmış, insansız “Valhalla döyüş modulu yerləşdirilib. Heyət, bir -birinin arxasınca oturan iki nəfərdən ibarətdir. Maşının digər xüsusiyyətlər açıqlanmır.

Qeyd edək ki, hal-hazırda alman desantlar 1980-ci illərin sonlarından etibarən istehsal edilən “Wiesel-1” aviadesantlanan tanketkaları ilə silahlanıb. 1989-cu ildən 1992-ci ilə qədər cəmi 345 ədəd belə tanketka istehsal edilib. 2019-cu ildə Bundesver 196 ədəd “Wiesel-1” versiyasının təmiri və təkmilləşdirilməsi üçün vəsait ayırıb.

Paylaşılan məlumatda təkmilləşdirilmiş zirehli maşınlar kəşfiyyat maşını qismində və Almaniya Hava-Desant Qüvvələri üçün aviadesantlanan vasitə olaraq istifadə ediləcəyi, eləcə də ən azından 2030-cu ilə qədər silahlanmada qalacağı bildirilir.

Xatırladaq ki, “Wiesel-1” tanketkası əvvəlcə iki növdə istehsal edilib: bir variant 20 mm-lik Мк 20Rh 202 avtomatik topu ilə, digər variant isə BGM-71 TOW-2 TƏİR kompleksi ilə. Hava nəqliyyatı vasitəsi ilə nəql edilməsi, həmçinin 4 tonluq modul paraşüt platformasında paraşüt üsulu ilə atılması mümkündür.

Sonradan, bu yüngül tırtıllı zirehli maşın əsasında, uzadılmış gövdə və dəyişdirilmiş şassi (“Wiesel-1” üçün nəzərdə tutulmuş dörd dayaq vərdənəsi əvəzinə beş) ilə fərqlənən “Wiesel-2” maşını hazırlanmışdır. Yeni versiya zenit raket kompleksləri və ВТМ 263 minaatan dşıyıcısı, kəşfiyyat, komanda, sanitar və tımir-təxliiyə maşını olaraq da istehsal edilib. “Wiesel-2” tanketkası 1990 -cı ildə Bundesverin silahlanmasına qəbul edilib. Ümumilikdə, 1989-2011-ci illəri əhatə edən istehsal müddətində 343 ədəd “Wiesel-1” və 178 ədəd “Wiesel-2” istehsal olunub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS