Amerika snayperləri 1.6 kilometrdəki hədəfləri bir atəşlə vuracaq

ABŞ-ın DARPA Agentliyi tərəfindən One Shot XG proqramı çərçivəsində hazırlanan, 1,6 kilometr uzaqlıqdakı hədəfləri bir atəşlə vurmağa imkan verən sistemin sınaqlarına gələn ilin sonunda başlanacaq. “AzeriDefence”nin ABŞ hərbi saytlarına istinadən verdiyi məlumata görə, One Shot XG proqramı çərçivəsində hazırlanan yeni sistemin ilk prototiplərini snayperlər 2013-cü ilin sonunda alacaqlar.

One Shot XG proqramı çərçivəsində hazırlanan xüsusi ballistik kompüter avtomatik rejimdə hədəfə qədər məsafəni, küləyin, havanın rütubətliyini və başqa parametrlərin istiqamətini ölçməklə yanaşı, snayperə yüksək dəqiqlikli atəş üçün düzəlişlər verəcək. Bununla da snayper döyüşün gərgin anlarında yaşanan mürəkkəb hesablamalardan və səhvlərdən qurtaracaq.

Yeni sistem uzaq məsafədə hədəfləri məhv etmək üçün hazırlanmış yeni nəsil snayper tüfəngləri üzərində sınaqdan keçiriləcək. Bu sistemin 2011-ci ildə istifadəyə daxil edilmiş XM2010 tüfənginə inteqrasiyası nəzərdə tutulur.

One Shot XG qurğusu snayperin təchizatındakı tənzimçilərin hamısını özündə birləşdirəcək. Sistem hesablama prosesini 30 saniyə ərzində yerinə yetirəcək.

Qeyd edək ki, One Shot XG proqramı çərçivəsində ilk sistem silahlanmaya 2009-cu ildə daxil edilməli olsa da DARPA indiyədək münasib nümunəni yarada bilməyib.

KATEQORIYA: