ANAMA: Məqsəd minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır

ANAMA: Məqsəd minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır

Azad olunmuş ərazilərdə minalar çox ciddi humanitar təhdiddir, itkilər var.

“Poliqon” xəbər verir ki, bu barədə Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən paneldə çıxışı zamanı ANAMA sədrinin müavini Samir Poladov deyib.

Samir Poladov bildirib ki, beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritələri təqdim etsə də, onların 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır: “Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdir və qeyri-dəqiqdir”.

Sədr müavininin sözlərinə görə, son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub: “390709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var ki, bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb. İndiyədək 54 841 hektar ərazi təmizlənib. 25 751 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40 000 hektardır. Hansı ki, bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.

Poliqon.az

CATEGORIES