ANAMA minatəmizləmə əməliyyatlarında müasir texnologiyaların istifadəsinə üstünlük verir 

ANAMA minatəmizləmə əməliyyatlarında müasir texnologiyaların istifadəsinə üstünlük verir 

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) əl ilə minatəmizləmə əməliyyatları zamanı maqnetik-lokatorlar və detektorlardan istifadə edilir.

Bunu Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov POLİQON jurnalına müsahibəsində deyib.

Samir Poladov bildirib ki, fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də müasir texnologiyaların istifadəsinə üstünlük verir: “Eyni zamanda, döyüş ərazilərinin metal ilə çirklənmə səviyyəsini müəyyən etmək və daha dərin təmizləmə əməliyyatları aparmaq üçün “Sensys” və “Ferex” adlı skanner avadanlıqlardan istifadə edilir.

Xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları texniki tədqiqat prosesində şübhəli ərazilərin təhlil edilməsi məqsədilə istifadə olunan səmərəli və təhlükəsiz vasitə hesab olunur. İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan əməliyyatlara MV-4, MV-10, həmçinin “Bozena-4”, “Bozena-4+” və “Bozena-5” mexaniki minatəmizləmə maşınları cəlb edilib”.

Agentliyin maddi-texniki bazasının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü deyən sədr müavini keçən il imzalanan müqavilələr əsasında xüsusi təyinatlı minatəmizləmə maşınlarının artıq əksər hissəsinin ölkəyə gətirilərək, əməliyyatlara cəlb olunduğunu, bir hissəsinin isə yaxın zamanlarda təhvil veriləcəyini qeyd edib. Eyni zamanda, maqnetik-lokatorlar, detektorlar, xüsusi fərdi qoruyucu geyim dəstləri alındığını söyləyən S.Poladov bildirib ki, bu kimi vasitələr tələbat olduqca yenilənəcək.

“Həmçinin, işğaldan azad edilmiş ərazilərdə qeyri-texniki və texniki tədqiqat prosesini özündə ehtiva edən süni intellekt texnologiyasının istifadəsinə başlamışıq. “Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı” (RAMS), İngiltərənin “RPS Energy Ltd” şirkəti tərəfindən təqdim olunan bir texnologiyadır. Geniş spektorlu, termal və yüksək dəqiqli kameralara malik dronlar mina və partlamamış hərbi sursatlarla (PHS) həqiqi çirklənməni müəyyən etmək üçün istifadə olunan tədqiqat texnologiyasıdır.

Artıq keçən il ərzində süni intellekt vasitəsilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Hal-hazırda da bu istiqamətdə fəaliyyət davam edir”, – deyə ANAMA İdarə Heyəti sədrinin müavini S.Poladov vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş