ANAMA-nın bölmə rəhbəri ermənilər tərəfindən basdırılmış minaya düşüb

Bu gün saat 11:00 radələrində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad olunmuş Ağdam rayonu Tağıbəyli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, nəticədə 04 iyul 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuş və çox saylı qəlpə yarası alıb.
“Hazırda Mirzəyev Elməddin Tofiq oğlu Ağdam rayon Mərkəzi xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına alınıb, vəziyyəti stabil ağırdır.
“Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır”, – deyə ANAMA-nın məlumatında bildirilib.




