ANAMA-nın son iki ildə yerinə yetirdiyi strateji layihələr açıqlanıb
İşğaldan azad olunan ərazilərdə minatəmizləmə fəaliyyəti əvvəldən orada icra olunan infrastruktur layihələrinin müşayiəti kimi qurulmuşdur.
Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov POLİQON jurnalına müsahibəsində bildirib ki, çəkilən yollar, dəmir yolları, elektrik xətləri, yerinə yetirilən tikinti işləri, yaradılan su kanalları, kənd təsərrüfatı əraziləri, ekoloji ərazilər və s. kimi orada aparılan işlərdən öncə minatəmizləmə əməliyyatları həyata keçirilir.
“İşğaldan azad edilən ərazilərin inkişaf planına əsasən, “Böyük Qayıdış” proqramı çərçivəsində, hökumət tərəfindən təsdiq edilən müvafiq tədbirlər planına uyğun olaraq tənzimlənir. Məhz bu plana uyğun ANAMA-nın bir yol xəritəsi var. Yol xəritəsinə əsasən, hər ilin sonunda növbəti il üçün bir tədbirlər planı hazırlayırıq”, – deyə ANAMA-nın sədri vurğulayıb.
Vüqar Süleymanov qeyd edib ki, son iki il ərzində bir sıra strateji layihələrin icrası başa çatdırılıb: “Bunlardan Füzuli-Ağbənd dəmir yolu, Bərdə-Ağdam dəmir yolu, Füzuli-Ağbənd avtomobil yolu, Bərdə-Ağdam avtomobil yolu, Zəfər yolu, habelə Füzuli-Şuşa yeni tikilən avtomobil yolu, Qubadlı-Eyvazlı avtomobil yolu, Çaylı-Suqovuşan avtomobil yolu, Füzuli və Zəngilan hava limanları, Zabuxçay su anbarı boru xətti, Füzuli-Şuşa elektrik xətti, Xındırıstan-Ağdam elektrik xətti, Zəngilan-Qubadlı elektrik xətti, Şahbulaq layihəsi kimi irimiqyaslı layihələrin mina və partlayıcı vasitələrdən təmizlənməsi başa çatdırılıb”.