Anar Eyvazov: “İtkilərimiz var, bu barədə əlavə məlumat veriləcək”

Anar Eyvazov: “İtkilərimiz var, bu barədə əlavə məlumat veriləcək”

Ermənistan geri çəkilməyə məcbur olub. Təəssüf ki, bizim də itkilərimiz var və bu barədə əlavə məlumat veriləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinq zamanı qeyd edib.

Anar Eyvazov bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır və Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsəndə olan bölmələrini atəşə tutur: “Ermənistanın niyyəti bəllidir. Ermənistan terror-təxribat törətməkdə davam edib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyub.

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur”.

Anar Eyvazov Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsasının olmadığını deyib: “Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, sentyabrın 12-si tarixində gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bir qrup kəşfiyyat diversiya qrupu dövlət sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində ərazi relyefi və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızaraq ətrafı minalamağa cəhd göstərib. Bölmələrimiz tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib və qarşıdurma baş verib.

“Sentyabrın 13-ü səhərə qədər davam edən döyüşlərdə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçusu ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhid olub. Adekvat cavab tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub, düşmənin təxribata cəlb olunmuş canlı qüvvəsi böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”, – deyə Anar Eyvazov bildirib.

Poliqon.az

CATEGORIES