“Army-2024”: Yeni “Pantsir-SMD-E” zenit-raket kompleksi təqdim olunub
Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi “Army-2024” beynəlxalq hərbi-texniki forumunda yeni “Pantsir-SMD-E” zenit-raket kompleksini (ZRK) təqdim edib.
Bu barədə “Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verib.
Bildirilib ki, yeni “Pantsir-SMD-E” ZRK sənaye və inzibati obyektləri kütləvi dron hücumlarından qorumaq üçün nəzərdə tutulub. Kompleks orta və qısa məsafədə hava hədəflərini aşkar edib vurmaq, həmçinin avtomatik rejimdə atəşin effektivliyini qiymətləndirmək qabiliyyətinə malikdir.
Buraxılış qurğusunun sursat yükü 48 ədədə qədər qısa mənzilli və ya 12 ədədə qədər standart zenit idarəolunan raketə çata bilər. Bununla belə, buraxılış qurğusunda olan raketlərin sayı standart və mini raketlərin birgə istifadəsindən asılı olaraq dəyişə bilər.
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin “Army-2024”də nümayiş etdirdiyi digər məhsullar aşağıdakılardır:
- “İsgəndər” əməliyyat-taktiki raket kompleksi;
- “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi;
- BMP-3 piyada döyüş maşını;
- “Kornet-EM” tank əleyhinə idarə olunan raket kompleksi;
- “Krasnopol-m2” və “Kitolov-2M” idarə olunan artilleriya mərmiləri;
- “Şmel-M” reaktiv odsaçan silah sistemi və s.