ASELSAN 2023-cü ilin maliyyə nəticələrini açıqlayıb

ASELSAN 2023-cü ilin maliyyə nəticələrini açıqlayıb

Türkiyənin ASELSAN şirkəti inflyasiya uçotu tətbiq edilməklə 2023-cü ilin maliyyə nəticələrini açıqlayıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, şirkətin illik dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 73,6 milyard TL-yə çatıb.

ASELSAN-ın ümumi mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 13% artarkən, faiz, amortizasiya və vergidən əvvəlki mənfəət (EBITDA) keçən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 16 milyard TL-yə çatıb. ASELSAN-ın xalis mənfəəti 22% EBITDA marjası ilə 7,4 milyard TL olub. Şirkətin nizamnamə kapitalının aktivlərə nisbəti 59% təşkil edib.

ASELSAN-ın baş direktoru Ahmet Akyol şirkətin il sonu maliyyə nəticələrini qiymətləndirib: “ASELSAN olaraq 2023-cü ili ən uğurlu şəkildə tamamlayan qurumlardan biri olduq. Ölkəmizə və ordumuza bir çox yeni və kritik texnologiyanı qazandırdıq.

CENK, AKREP və ALPER radarları, YENER mina aşkarlama sistemi, ASELFLIR-400 kamerası, “Gözde” tuşlama dəsti, “Gökdeniz” hava hücumundan müdafiə sistemi, ODAKAN kamera ailəsi 2023-cü ildə ilk dəfə inventara daxil olan məhsullarımızdan bəziləridir. Oyun dəyişdirici rol oynayacağını düşündüyümüz bir çox məhsulun da son mərhələsindəyik. Dünyanın ən yaxşı kamerası ASELFLIR-500, ölkəmizin ilk uzun mənzilli hava hücumundan müdafiə sistemi SİPER, ilk üfüqdən yuxarı sonarımız DÜFAS, ilk AESA təyyarə burun radarımız, idarə olunan sursatımız TOLUN, avtonom sualtı platformamız DERİNGÖZ kimi məhsullarımızda da 2023-cü ildə əhəmiyyətli irəliləyişlər əldə etdik və uğurlar qazandıq. Bu məhsulların bir çoxunun sınaq mərhələlərini uğurla yekunlaşdırdıq və bəzilərinin kütləvi istehsalına başladıq”.

Onun sözlərinə görə, ASELSAN 2023-cü ildə aldığı 5 milyard ABŞ dolları dəyərindəki sifarişlərlə şirkətin 2023-cü ilin sonunda balans sifarişləri 11 milyard ABŞ dollarına çatıb ki, bu da tarixi rekorddur.

“2023-cü il ASELSAN-ın ixracatda əhəmiyyətli uğurlar qazandığı bir il oldu. Dörd ölkəyə ilk dəfə olaraq ixracat etdik. 20-dən çox məhsulu ilk dəfə ixrac etdik. Xüsusən dünyanın o biri tərəfində – Çilidə qazandığımız tank modernləşdirmə tenderi ilə ASELSAN-ın bu sahədəki səriştəsini sübut etdik. 2023-cü ildə 601 milyon dollarlıq yeni ixrac müqaviləsi imzalayaraq tarixi bir uğura imza atdıq”, – deyə A.Akyol vurğulayıb.

Türkiyə tərəfindən xaricə ixrac olunan bir çox platformanın ASELSAN texnologiyaları ilə təchiz edildiyini söyləyən baş direktor bildirib ki, bu texnologiyalarla ATAK, “Hürkuş”, “Bayraktar TB2”, “Anka”, MİLGEM, “Ejder Yalçın”, “Kirpi” kimi brend platformalar daha da güclənir: “2023-cü ildə dünyanın ən böyük müdafiə sənayesi şirkətləri arasında 47-ci yerə yüksəldik. Türkiyədə elmi-tədqiqata ən çox pul xərcləyən şirkətlər arasında liderliyi ələ keçirdik. Əksəriyyəti mühəndis olan işçi sayımızın 2023-cü ildə 10.500 nəfəri keçməsi ASELSAN-ın çatdığı səviyyəni göstərən başqa bir inkişafdır”.

Ahmet Akyol qeyd edib ki, ASELSAN şirkəti yüksək texnologiyanın inkişafı və istehsalı üçün investisiyalarını daim artırır.

“Ötən il Qabaqcıl Material Müəssisəsi, Tuşlama Dəsti İnteqrasiya və İstehsal Müəssisəsi, Elektron Müharibə İstehsal və İnteqrasiya Müəssisəsi fəaliyyətə başladı. FLIR kamera sistemləri, hava hücumundan müdafiə sistemləri, mikroelektronika və AESA radar sahələri üçün də dörd mühüm və böyük investisiyanı başlatmışıq”, – deyə ASELSAN şirkətinin baş direktoru bildirib.

CATEGORIES
TAGS