ASELSAN HHM və radar sistemlərinin tədarükünə dair yeni müqavilələr bağlayıb
Türkiyənin ASELSAN şirkəti hava hücumundan müdafiə (HHM) və radar sistemlərinin tədarükü ilə bağlı ümumi dəyəri 3.5 milyard Türk lirəsi (189.9 milyon ABŞ dolları) olan yeni müqavilələr bağlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında imzalanan birinci müqavilədə 2.8 milyard Türk lirəsi (148.8 milyon ABŞ dolları) dəyərində əlavə radarların tədarükü nəzərdə tutulub. Bu müqavilənin şərtlərinə görə, şirkət həmin radarların SSB-yə çatdırılması işlərini 2025-2030-cu illər aralığında həyata keçirəcək.
Hava hücumundan müdafiə vasitələrinin tədarükünə dair ikinci müqavilə isə HHM sistemlərinin birgə hazırlanmasında əməkdaşlıq edən ASELSAN və “Roketsan” şirkətləri ilə SSB arasında imzalanıb.
Bu müqavilə ilə ASELSAN şirkətinə düşən payın həcmi 774.6 milyon Türk lirəsi (41.1 milyon ABŞ dolları) həcmindədir. Sözügedən saziş çərçivəsində sistemlərin sifarişçiyə çatdırılması işləri 2025-ci ildə reallaşdırılacaq.