STM şirkəti Malayziya HDQ üçün döyüş gəmiləri inşa edəcək

STM şirkəti Malayziya HDQ üçün döyüş gəmiləri inşa edəcək

Türkiyənin STM şirkəti “Littoral Mission Ship Batch-2” (LMSB2) layihəsi çərçivəsində Malayziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) üçün üç ədəd korvet inşa edəcək.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Sənayesi Başqanlığında (SSB) LMSB2 layihəsinin imza mərasimi keçirilib.

İmza mərasimində Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin, SSB başqanı Haluk Görgün, STM-in İdarə Heyətinin sədri İhsan Kaya, STM-in baş direktoru Özgür Güleryüz, Malayziya Müdafiə Nazirliyinin nümayəndələri və Türkiyə müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün, tərəflər arasında imzalanan razılaşmalara toxunub. Onun sözlərinə görə, Türkiyə ilə Malayziya arasında həm müdafiə məhsullarının tədarükü üçün G2G anlaşma memorandumu, həm də “Littoral Mission Ship Batch-2” layihəsinə dair sövdələşmə imzalanıb. Bununla da Malayziya ilk dəfə olaraq müdafiə məhsullarının tədarükü üçün bir ölkə ilə G2G anlaşma memorandumu imzalamış olub.

“Əsas podratçısının STM olduğu Malayziya Hərbi Dəniz Qüvvələrinin tələblərinə cavab vermək üçün dizayn edilən üç gəmi Türkiyədə inşa ediləcək. Gəmilərin özəlləşdirilməsi zamanı Türkiyənin bir sıra müdafiə sənayesi şirkətlərinin, o cümlədən HAVELSAN, ASELSAN və ROKETSAN-ın məhsullarından istifadə olunacaq. Mən ürəkdən inanıram ki, LMSB2 layihəsi iki ölkə arasında dəniz platformaları ilə bağlı uzunmüddətli əməkdaşlığın sadəcə başlanğıcıdır”, – deyə H.Görgün vurğulayıb.

Öz növbəsində çıxış edən Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin, iki ölkə arasında imzalanan razılaşmaların əhəmiyyətindən danışıb: “İnanıram ki, bu anlaşma memorandumunun imzalanması hər iki ölkəyə, xüsusilə Malayziyaya fayda verəcək. Çünki Türkiyə Respublikası bu gün yüksək hərbi gücə, mükəmməl müdafiə texnologiyalarına malikdir və Qərbi Asiyanın ən qabaqcıl hərbi məhsul istehsal edən ölkələrindən biridir”.

Mərasim çərçivəsində çıxış edən STM-in baş direktoru Özgür Güleryüz, rəhbərlik etdiyi şirkətin 30 ildən artıqdır ki, təhlükəsizlik qüvvələrinin, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını milli və innovativ sistemlərlə qarşıladığını bildirib: “Ölkəmizin müdafiəsi üçün çıxdığımız yolda bu gün mühəndislik təcrübələrimizi və texnologiyalarımızı dost və qardaş ölkələrə ötürürük. Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyimiz suüstü platformalar və modernləşdirdiyimiz sualtı qayıqların ardından, STM-in əsas podratçılığında Ukrayna üçün də iki korvetin inşasını davam etdiririk”.

Ö.Güleryüzün sözlərinə görə, Malayziya HDQ üçün beynəlxalq sularda özünü uğurla sübut edən “Ada” sinfi əsasında 3 gəmi inşa olunacaq: “Gəmilərin inşasına bu il başlanacaq və biz hər üç gəmini 3.5 il ərzində Malayziya Hərbi Dəniz Qüvvələrinə təhvil verəcəyik. Hökumətdən hökumətə (G2G) şəklində ediləcək razılaşma ilə STM layihənin dizaynından icrasına, inşasından gəmilərin təhvil verilməsinə qədər bütün mərhələlərdən məsul əsas podratçı olacaq.

Layihə çərçivəsində gəmilərin inşası və avadanlıqlarla təchizi Türkiyə müdafiə sənayesi şirkətlərinin iştirakı ilə Türkiyədə həyata keçiriləcək. STM-in əsas podratçılığı altında inşa ediləcək gəmilər başda ASELSAN, ROKETSAN və HAVELSAN olmaqla 50-yə yaxın yerli şirkətin qabaqcıl sistemləri ilə təchiz olunacaq. Müasir silah sistemləri, sensorlar və komanda idarəetmə sisteminə sahib olacaq Malayziya Korvetləri, bir çox missiyalarda Malayziya Hərbi Dəniz Qüvvələrinə xidmət göstərəcək”.

Malayziya HDQ-nin tələblərinə cavab vermək üçün STM tərəfindən dizayn edilmiş və fərdiləşdirilmiş üç korvet, LMSB2 layihəsi çərçivəsində Türkiyədə inşa ediləcək. STM şirkəti layihənin dizayndan çatdırılmaya qədər bütün mərhələlərinə cavabdeh əsas podratçı olacaq. STM gəminin dizaynını, layihənin idarə edilməsini, inşa prosesinin idarə olunmasını, material/sistem tədarükünü, inteqrasiya dizaynını və quraşdırılmasını, sınaqlar və İnteqrasiya edilmiş Logistika Dəstəyi (ILS) fəaliyyətlərini, həmçinin layihə üçün dizayn və ILS sənədlərinin hazırlanmasını həyata keçirəcək.

Uzunluğu 99.56 metr və su basımı 2500 ton təşkil edəcək gəmilər maksimum 26 düyün sürətə, helikopter eniş platformasına və 111 nəfərlik şəxsi heyətə sahib olacaq.

STM-in əsas podratçılığı ilə inşa ediləcək gəmilərdə istifadə olunacaq sistemlər:

  • ASELSAN şirkətinin 30 mm-lik MUHAFIZ uzaqdan idarə edilən stabilləşdirilmiş top sistemi, CENK 3D axtarış radarı, ARES 2D suüstü radar ED sistemi, “Akrep” atışa nəzarət radarı, “Chaff” aldatma sistemi, IFF dost-düşmən tanıma sistemi və digər elektron sensorlar;
  • ROKETSAN şirkətinin ATMACA gəmi əleyhinə raketi;
  • HAVELSAN şirkətinin Döyüş İdarəetmə Sistemi (SYS) və 76 mm-lik top atəşini idarəetmə sistemi.
CATEGORIES
TAGS