ASELSAN IAC 2026-da peyk və kosmik texnologiyalarını nümayiş etdirir

Türkiyənin ASELSAN şirkəti 2026-cı il Beynəlxalq Astronavtika Konqresində (IAC 2026) genişlənən peyk və kosmik texnologiyalar portfelini nümayiş etdirir.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, Antalya şəhərində keçirilən tədbirdə şirkət, həm də konqresin əsas sponsorlarından biri kimi çıxış edir.
“Çipdən bürcədək” (“From Chip to Constellation”) vizyonu çərçivəsində ASELSAN kosmik dəyər zəncirinin müxtəlif mərhələlərindəki imkanlarını təqdim edir. Şirkət müdafiə elektronikası sahəsində əldə etdiyi təcrübəyə əsaslanaraq çip və kosmosa uyğunlaşdırılmış elektronika texnologiyalarından tutmuş peyk sistemləri, platformalar və faydalı yüklər, yerüstü infrastruktur və istifadəçi terminallarına qədər geniş spektrdə texnologiyalar hazırlayır.
IAC 2026 çərçivəsində ASELSAN müxtəlif orbitlər və missiyalar üzrə imkanlarını nümayiş etdirən üç əsas peyk proqramını ön plana çıxarır.
Təqdim olunan əsas layihələrdən biri Aşağı Yer Orbitində (LEO) rabitə peyki olan ASTRALINK-dir. “Aşağı Yer Orbitində Peyklər və Hərbi 5G/6G Rabitə Sistemi Layihəsi” çərçivəsində hazırlanan ASTRALINK yerüstü şəbəkələrin əhatə dairəsindən kənarda yerləşən şəbəkə mərkəzləri və istifadəçilər arasında təhlükəsiz, fasiləsiz, etibarlı, aşağı gecikməli və yüksək tutumlu rabitənin təmin edilməsi məqsədi daşıyır.
Layihə, həmçinin genişmiqyaslı seriya istehsalı imkanlarının yaradılmasını nəzərdə tutur. Bu çərçivədə ayda dördədək peykin istehsal edilməsi hədəflənir. Bununla yanaşı, layihənin Türkiyənin yerli kosmik rabitə imkanlarının gücləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.
IAC 2026-da nümayiş etdirilən digər layihə TÜRKSAT-6A peykidir. TÜRKSAT-6A Türkiyənin geostasionar orbitdə (GEO) rabitə sahəsində artan yerli imkanlarını nümayiş etdirir. Peykdə ASELSAN tərəfindən hazırlanmış rabitə faydalı yükləri və digər peyk texnologiyalarından istifadə olunur.
TÜRKSAT-6A çərçivəsində əldə edilən təcrübə və formalaşdırılmış texnoloji imkanlar əsasında ASELSAN Türkiyənin növbəti nəsil geostasionar rabitə peyki olan TÜRKSAT-7A istiqamətində texnologiya və mühəndislik fəaliyyətlərini davam etdirir.
Konqresdə diqqət çəkən digər əsas layihə isə Türkiyənin GÖKTÜRK-3 sintetik diafraqmalı radar (SAR) peyki proqramıdır. Bu proqram ölkənin kosmos əsaslı görüntüləmə imkanlarını genişləndirəcək və istənilən hava şəraitində, həmçinin gecə və gündüz görüntüləmə imkanının yaradılmasını təmin edəcək.
Bir neçə qurum və şirkətin iştirak etdiyi proqram çərçivəsində ASELSAN SAR görüntüləmə radarını, böyük həcmli məlumatların Yerə ötürülməsi üçün təhlükəsiz rabitə avadanlığını və peykin əsas təhlükəsizlik blokunu hazırlayır.
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN 2000-ci illərin əvvəllərindən etibarən peyk və kosmik texnologiyalar üzərində çalışır. Şirkət ilkin mərhələdə peyklərin yerüstü seqmenti və istifadəçi SATCOM həllərinə diqqət yetirib.
İllər ərzində ASELSAN kosmik sahədə öz imkanlarını genişləndirərək peyk sistemləri, platformalar və faydalı yüklər, peyklərin yerüstü idarəetmə mərkəzləri və digər dəstəkləyici texnologiyaları əhatə edən geniş portfel formalaşdırıb. Bu inteqrasiya olunmuş imkanlar şirkətə missiyaların tələblərinə uyğun tam həcmli kosmik həllər hazırlamağa imkan verir.
“Müdafiə elektronikası şirkəti kimi əldə etdiyimiz təcrübə bizə kosmik sahə üçün texnologiyalar hazırlamaq baxımından möhkəm təməl yaradıb. Bu gün ASELSAN çip texnologiyaları və kosmosa uyğunlaşdırılmış elektronika texnologiyalarından peyk sistemləri, platformalar və faydalı yüklərədək, eləcə də yerüstü infrastruktura qədər kosmik dəyər zəncirinin bütün mərhələlərini əhatə edən daxili imkanlara malikdir”, – deyə ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol bildirib.
Onun sözlərinə görə, IAC 2026 ASELSAN-ın bu imkanlarını və kosmik sahədə artan ambisiyalarını nümayiş etdirmək üçün mühüm platformadır: ““Çipdən bürcədək” vizyonumuz bu imkanları bir araya gətirərək tam, təhlükəsiz və rəqabətqabiliyyətli kosmik arxitekturaların hazırlanmasına, eyni zamanda beynəlxalq bazarlarda yeni imkanların yaradılmasına şərait yaradır”.





