ASELSAN-ın ERALP radarı ixrac uğuruna imza atıb

ASELSAN-ın ERALP radarı ixrac uğuruna imza atıb

Türkiyənin ASELSAN şirkəti ERALP erkən xəbərdarlıq radarının ixracı ilə bağlı müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bunu “SavunmaSanayist”ə açıqlamasında ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol deyib.

Erkən xəbərdarlıq radarları haqqında danışan ASELSAN-ın baş direktoru bildirib ki, bunlar Türkiyənin hava məkanına nəzarət edən radarlardır: “Təyyarə, PUA, helikopter və qanadlı raketlər kimi bütün hava elementlərinin uzun məsafədən hava məkanında erkən aşkarlanması, diaqnostikası və idarə olunmasını təmin edən radar ailəsidir.

Demək istərdim ki, mənzil burada mühüm parametrdir. Söhbət üstümüzdən keçən Beynəlxalq Kosmik Stansiyanı (BKS) aşkar edə bilən çox uzaq mənzilli radarlardan gedir. EIRS Layihəsi çərçivəsində ERALP radarını Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verdik”.

Onun sözlərinə görə, bu radarların uzun mənzil ilə yanaşı, həm də yerli olması əsas məsələlərdəndir: “Deyə bilərəm ki, içəridə 10 minə yaxın tranzistor var. Əslində, çip səviyyəsində millilikdən danışırıq. Bildirmək istərdim ki, ötən aylarda istifadə etdiyimiz qalium nitrat (GaN) tranzistorlarını da lokallaşdırdıq və bunu Türkiyədə Bilkent Universiteti ilə qurduğumuz ortaq şirkətdə yerli olaraq istehsal etməyə başladıq”.

Erkən xəbərdarlıq radar ailəsinin hazırda kütləvi istehsal mərhələsində olduğunu söyləyən A.Akyol, dost və müttəfiq ölkələrlə də seriyalı istehsala dair müqavilələrin imzalandığını vurğulayıb.

“Ankarada dəyəri bir neçə yüz milyon dollar olan radar istehsalı müəssisəsinin inşasına da başlamışıq. Ona görə də deyə bilərəm ki, radar bizim fəaliyyət sahələrimiz daxilində getdikcə şaxələndiriləcək. Biz bu radarları bir-birinə bağlayan komanda və idarəetmə proqram təminatlarını da yarada bilmişik. Beləliklə, birdən çox radarı inteqrasiya olunmuş şəkildə idarə edə biləcək və hava məkanını tamamilə milli proqram təminatı ilə idarə edə biləcək proqram təminatlarını da hazırlayaraq, istifadəyə verdik. Bu baxımdan yaxşı nöqtədəyik”, – deyə ASELSAN-ın baş direktoru qeyd edib.

CATEGORIES
TAGS