ASELSAN şirkəti Cənub-Şərqi Asiyadakı mövcudluğunu artırır

ASELSAN şirkəti Cənub-Şərqi Asiyadakı mövcudluğunu artırır

Türkiyənin ASELSAN şirkəti Cənub-Şərqi Asiyadakı mövcudluğunu birgə inkişaf, istehsal, qlobal təchizat zəncirinə inteqrasiya və İndoneziyada rəsmi ofisinin açılması vasitəsilə gücləndirib.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, bu, İndoneziyanın Cakarta şəhərində keçirilən “INDO Defence” sərgisi çərçivəsində baş tutub.

Türkiyənin aparıcı müdafiə şirkəti ASELSAN, “INDO Defence”də İndoneziya müdafiə ekosisteminə təsirini artıracaq beş müqavilə imzalayıb. Sərgi zamanı həm İndoneziya, həm də Türkiyə müdafiə sənayesinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə imzalanan sazişlər bu tərəfdaşlıqların strateji əhəmiyyətini vurğulayır.

ASELSAN və “PT LEN Industri” şirkətləri arasında imzalanan müqavilə DEFEND ID vasitəsilə radar, müşahidə, kibertəhlükəsizlik və komanda-idarəetmə sistemlərində texnologiya transferi və birgə istehsalı əhatə edir.

ASELSAN-ın Çexiya mərkəzli “CSG Group” şirkəti ilə bağladığı saziş birgə əməkdaşlıq imkanların araşdırılmasına yönəlib. Digər Çexiya şirkəti olan “Excalibur Army” ilə imzalanan əməkdaşlıq müqaviləsi isə ASELSAN sistemlərinin “Excalibur Army”nin İndoneziyada istifadə olunan PATRIOT 4×4 nəqliyyat vasitələrinə inteqrasiyasını nəzərdə tutur.

PT PINDAD ilə razılaşma silah sistemləri, tuşlama və atəşə nəzarət texnologiyalarının birgə inkişafını əhatə edir. PT PAL ilə olan əməkdaşlıq isə modernləşdirmə və yeni platformaların inkişafına yönəlib.

Bu strateji əməkdaşlıqları dəstəkləmək və regionda inkişafı davam etdirmək məqsədilə ASELSAN sərgi çərçivəsində İndoneziya ofisinin rəsmi açılışını edib. Bu ofis yerli tərəfdaşlarla birbaşa əlaqə, xüsusi həllərin işlənməsi və uzunmüddətli texniki xidmətlər üçün mərkəz rolunu oynayacaq. Açılış mərasimində Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün, ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol və sənaye nümayəndələri iştirak ediblər.

Bu barədə fikirlərini bölüşən Ahmet Akyol bölgədə artan fəaliyyətin əhəmiyyətini vurğulayıb: “Cakartadakı yeni ofisimizlə mühüm strateji bazara qabaqcıl qabiliyyətlər və etibarlı əməkdaşlıq gətirməkdən qürur duyuruq. Regionda dərinləşən əlaqələrimiz sayəsində ASELSAN, İndoneziyada yerli tərəfdaşlarla birbaşa əlaqəni təmin edəcək və yerində xidmətlər vasitəsilə dayanıqlı, yüksək təsirli əməkdaşlıqları dəstəkləyəcək”.

Öz növbəsində Haluk Görgün də yeni ofisin açılışı və onun əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.

“ASELSAN-ın Cakarta ofisinin açılışına və regiondakı müdafiə tərəfdaşlığımızı gücləndirən strateji razılaşmaların imzalanmasına şahid olmaq böyük şərəfdir. İnanıram ki, bu ofis ölkələrimiz arasında texnologiya, bilik və dostluq körpüləri quracaq və hər iki ölkə üçün firavan və uğurlu gələcəyə, müdafiə sənayesində yeni nailiyyətlərə yol açacaq”, – deyə H.Görgün qeyd edib.

EXCALIBUR

CATEGORIES
TAGS