
ASELSAN şirkəti NATO-nun modul HHM layihəsi üçün seçilib
NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) Modul Hava Hücumundan Müdafiə (Ground Based Air Defence – GBAD) layihəsinin konsepsiya mərhələsi üçün həyata keçirdiyi yeni prosesdə beş şirkətlə çərçivə sazişi imzalayıb.
“Poliqon” NSPA-ya istinadən xəbər verir ki, Agentliyin çərçivə sazişi imzaladığı şirkətlərin sırasında ASELSAN, “Airbus Defence and Space GmbH”, “Lockheed Martin UK”, “Raytheon” ve “Thales LAS” yer alır.
Müqaviləyə uyğun olaraq beş podratçı şirkət ilk mərhələdə konseptual tədqiqat (sistem arxitekturası) üzərində işləyəcək. Bu çərçivədə yaradılacaq hərtərəfli sistem arxitekturası növbəti mərhələlərdə modulluq və yeni texnologiyalar üzrə tədqiqatlara istiqamət verəcək.
Bildirilib ki, aparılacaq çalışma nəticələrinin sentyabr ayının ortalarında təqdim edilməsi və bu təqdimatlar əsasında ən uyğun sistem arxitekturalarının qiymətləndirilməsi planlaşdırılır.
Layihədə iştirak edən şirkətlər rəqabət strukturu çərçivəsində müstəqil və innovativ perspektivlərə malik modul GBAD həllərinə töhfə verəcəklər. Məqsəd NATO tərəfindən müəyyən edilmiş əməliyyat və logistika imkanlarına cavab verən çevik, qarşılıqlı fəaliyyət qabiliyyətli və dayanıqlı sistem infrastrukturlarını inkişaf etdirmək olacaq.
Qeyd edilib ki, NSPA-nın beş müxtəlif şirkətlə imzaladığı bu müqavilə GBAD-a dəstək verən tərəfdaş ölkələr arasında effektiv koordinasiyanı və NATO-nun daxili müdafiə təchizat strukturlarının uğurlu fəaliyyətini nümayiş etdirir.
NATO Dəstək və Satınalma Agentliyi bu addımla çoxmillətli müdafiə tədarükləri üçün üstünlük verilən mərkəz olmaq məqsədini daha da artırmaq istəyir.