SərgilərAselsanDənizXəbərlər

ASELSAN “TEKNOFEST Mavi Vatan”da suüstü və sualtı İDA-larını nümayiş etdirir

ASELSAN şirkəti Türkiyənin dənizlərdəki gücünü nümayiş etdirən “TEKNOFEST Mavi Vatan” festivalının ən böyük texnologiya tərəfdaşı kimi ilklərə imza atır.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, “Gölcük” Tərsanə Komandanlığında keçirilən “TEKNOFEST Mavi Vatan”da 200 kvadratmetrlik stendlə iştirak edən şirkət kamikadze tipli KILIÇ avtonom sualtı insansız dəniz aparatını (İDA), TUFAN kamikadze suüstü İDA-sını və DERİNGÖZ avtonom sualtı İDA-sını təqdim edib.

Şirkət tərəfindən dənizdə nümayiş etdirilən milli mühəndislik nümunələri KILIÇ, TUFAN və DERİNGÖZ vətəndaşların böyük marağına səbəb olub.

Sualtı mühitdə müxtəlif missiya ehtiyacları üçün hazırlanan DERİNGÖZ mina əleyhinə tədbirlər, kritik sualtı infrastrukturun mühafizəsi, sualtı boru kəmərlərinin monitorinqi, sualtı kəşfiyyat və limanların mühafizəsi kimi tapşırıqlarda istifadə oluna bilir. Avtonom fəaliyyət qabiliyyəti ilə seçilən sistem sualtında riskli və girişin çətin olduğu ərazilərdə kəşfiyyat və müşahidə fəaliyyətlərinin insan müdaxiləsi minimuma endirilməklə həyata keçirilməsinə imkan verir.

“Mavi Vatan” sərhədlərində fasiləsiz təhlükəsizliyi təmin etmək üçün optimallaşdırılan KILIÇ kamikadze sualtı insansız dəniz aparatı əməliyyat müstəqilliyi və yüksək zərbə gücü ilə seçilir. Platformanın texniki infrastrukturu hətta çətin dəniz şəraitində də yüksək effektivliklə fəaliyyət göstərə biləcək şəkildə hazırlanıb. Sistem qabaqcıl süni intellekt alqoritmləri və avtonom naviqasiya sistemləri vasitəsilə insan müdaxiləsi olmadan hədəfləri müəyyən edə bilir. Yüksək sürət göstəriciləri və üstün manevr qabiliyyəti sayəsində düşmən elementlərinin müdafiə xətlərini asanlıqla aşa bilən KILIÇ gecə-gündüz əməliyyatlar həyata keçirməyə imkan verən elektro-optik kamera sistemləri və inkişaf etmiş rabitə infrastrukturu ilə təchiz edilib.

“TEKNOFEST Mavi Vatan”da dənizlərin oyundəyişdirici gücü olan TUFAN kamikadze İDA müxtəlif tapşırıqları yerinə yetirə biləcək şəkildə alt qruplara bölünərək asimmetrik hücum formaları yarada bilir. TUFAN, həmçinin yayınma manevrlərini həyata keçirmək, hərəkətli və hərəkətsiz maneələrdən yayınmaq, süni intellekt və görüntü əsaslı hədəf aşkarlama və hədəflə mübarizə qabiliyyətləri ilə seçilir.

TEKNOFEST-də Türkiyənin çoxqatlı hava hücumundan müdafiə arxitekturası “Polad Qübbə”nin (ÇELİKKUBBE) komponentləri olan HİSAR O, KALKAN, KORKUT, GÖKSUR və GÜRZ ilə yanaşı, şirkətin ASELBUOY və DÜFAS məhsulları da nümayiş etdirilir.

Back to top button